Gənc fotoqrafın “Onlar” adlı fərdi fotosərgisi açılıb

Gənc fotoqrafın “Onlar” adlı fərdi fotosərgisi açılıb

Müasir İncəsənət Mərkəzində gənc fotoqraf Könül Süleymanovanın fotoqrafiyanın yaranmasının 175 illiyi və Azərbaycan Fotoqraflar Birliyinin (AFB) təşkilinin 15 illiyinə həsr olunmuş "Onlar" adlı fərdi fotosərgisi açılıb. SİA-nın verdiyi xəbərə görə, tədbirdə AFB-nin sədri Mirnaib Həsənoğlu çıxış edərək iştirakçıları 15 İyun-Milli Qurtuluş Günü münasibətilə təbrik etmiş və onlara uğurlar arzulayıb.

Gənc fotoqraf K.Süleymanovanın sənət dünyasından söz açan natiq demişdir ki, onun həyata keçirdiyi bu layihə olduqca maraqlıdır. Ona görə ki, sərgidə ömrünü foto sənətinə həsr etmiş insanlar yeni yaradıcı baxışla sənətsevərlərə təqdim olunurlar.

Vurğulanıb ki, sərginin məqsədi müasir şəraitdə Azərbaycan fotoqrafiyasında öz sözünü demiş və deməkdə olan fotoqrafların portretlərini ziyarətçilərə və ictimaiyyətə tanıtmaqdır. Burada nümayiş olunan 50 fotodan 46-sı fotoportretdir.

AFB-nin sədri diqqətə çatdırıb ki, K.Süleymanovanın "Onlar" fotolayihəsi hər il ənənəvi olaraq keçiriləcək. Gələcəkdə bu layihə vasitəsilə fotoqraflar öz həmkarlarını necə gördüklərini çəkdikləri şəkillər vasitəsilə göstərməklə fotoqraf peşəsinin təbliğinə töhfə vermiş olacaqlar.

Sərginin iştirakçılarına və layihənin reallaşmasına dəstək verənlərə minnətdarlığını bildirən Könül Süleymanova bu sərgi ilə həmişə kadr arxasında qalan fotoqrafları insanları tanıtmağa çalışdığını və bu işi ənənəvi olaraq davam etdirəcəyini söyləyib.

Qeyd edək ki, sonra tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə