Azərbaycan Konqreslər Bürosu Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasına qoşulub

Azərbaycan Konqreslər Bürosu Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasına qoşulub

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasına (İCCA) üzv olub. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə,Beynəlxalq Konqres və Konvensiya Assosiasiyası dünyanın turizm və görüşlər sahəsində fəaliyyət göstərən ən görkəmli təşkilatlarından biridir. Təşkilatın əsas məqsədi beynəlxalq konqreslərin təşkilatçıları və bu kimi tədbirləri öz ölkələrinə cəlb etmək istəyən təşkilatları bir araya gətirmək və dünyada mütəmadi baş verən beynəlxalq tədbirlərin məlumat bazasını daima yeniləməkdir.

Hal hazırda, təşkilatın üzvləri sırasına dünyanın 88 ölkəsində fəaliyyət göstərən 950-dən çox beynəlxalq MİCE (biznes turizm) bazarı təmsilçiləri daxildir.

Qeyd etmək lazımdır ki, İCCA ənənəvi olaraq öz üzvləri üçün kurslar təşkil edir. Belə kurslardan biri də bu ilin may ayında Frankfurtda keçirilən IMEX beynəlxalq biznes turizm sərgisi ərəfəsində təşkil edilib. Azərbaycan Konqreslər Bürosu da İCCA-nın Məlumatların İdarə Olunması üzrə seminarında iştirak edib. Seminar zamanı İCCA -nın məlumat bazasının idarə və istifadəsi üzrə ən yaxşı fəaliyyət yolları kimi mövzular müzakirə olunub.

Eyni zamanda, Azərbaycan Konqreslər Bürosunun üzvləri İCCA-nın iyul ayında Amsterdamda keçiriləcək təlimində iştirak edəcək. Təlim satış, marketinq və İCCA tədqiqat sahələri kimi mövzuları əhatə edəcək.

Qeyd edək ki, İCCA kimi nüfuzlu təşkilata üzv olmaqla, Azərbaycan Konqreslər Bürosu öz fəaliyyətini genişləndirəcək və Azərbaycanın turizm məkanı kimi təbliğində daha böyük addımlar atacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə