“Nuda Veritas” sərgisi açılıb

Müasir İncəsənət Muzeyində gənc kurator Samirə Səfinin debüt layihəsi olan "Nuda Veritas" sərgisi açılıb. SİA-nın məlumatına görə, Müasir İncəsənət Mərkəzinin icraçı direktoru Xəyyam Abdinov çıxış edərək bu sərginin sovet senzurasının şərtləri daxilində Azərbaycan incəsənətinin liberallaşdırılması üçün zəmin yaratmış doqquz rəssamın - Əşrəf Murad, Rasim Babayev, Cavad Mircavadov, Altay Sadıqzadə, Mir Nadir Zeynalov, Eldar Qurban, Kamal Əhməd, Hüseyn Haqverdi və Səbinə Şıxlinskayanın işlərindən ibarət olduğunu bildirib.

Əməkdar Rəssam Səbinə Şıxlinskaya layihə barədə məlumat verib. Qeyd edib ki, "Nuda Veritas" sərgisi gənc kuratorların layihə dövriyyəsini təmsil edir. Burada təqdim olunmuş əsərlər isə Müasir İncəsənət Muzeyinin kolleksiyasının tərkib hissəsidir.

Səbinə Şıxlinskaya 2013-cü ilin mart ayında qeyri-kommersiya təşkilatı olan "YARAT!" Müasir İncəsənət Məkanının təhsil proqramı çərçivəsində "Müasir incəsənətdə kurator və mediator təcrübələri" adlı ustad dərsi təşkil olunduğunu nəzərə çatdıraraq bu ustad dərsini keçməyin ona həvalə edildiyini söyləmişdir.

Qeyd olunmuşdur ki, ustad dərsinin üç iştirakçısının kurator ideyaları həyata keçirilməyə layiq görülüb. Bu gün nümayiş olunan və gənc kurator Samirə Səfinin konseptual ideyası nəticəsində yaranmış sərgi bu ustad dərslərinin nəticəsi. İl ərzində isə digər gənc kuratorların ideyaları Müasir İncəsənət Muzeyində təmsil ediləcək.

Sərgidə əsərləri təqdim edilən rəssamların arasında olmasından məmnunluğunu bildirən Səbinə Şıxlinskaya diqqətə çatdırıb ki, "Nuda Veritas" sərgisinin bədii tərtibatında həm də gənc müəlliflər Fərhad Fərzəliyev audiokompozisiya və Anar Qurbanov videovizuallaşdırma işləri ilə iştirak ediblər.

O, belə bir səviyyədə sərgi layihəsini təşkil etməyin asan olmadığını vurğualayaraq, bu işdə əməyi olanlara - "YARAT!" Müasir İncəsənət Məkanına, xüsusilə bu təşkilatın rəhbəri Aida Mahmudovaya və təhsil proqramında iştirak edənlərə, o cümlədən Müasir İncəsənət Muzeyinin əməkdaşlarına dərin minnətdarlığını bildirib.

Sonra sərgiyə baxış olub.

"Nuda Veritas" (latın dilindən tərcümədə "Çılpaq həqiqət") layihəsinin adı sadəcə icazə verilənin sərhədlərini genişləndirmək deyil, eyni zamanda, sosial realizmin pik həddində müəllifin subyektiv qavraması, şəxsi təcrübə və həyəcanları əsasında qurulmuş fərqli incəsənət yaratmaq cəhdini əks etdirir.

Rəssamların müxtəlif zamanlarda üz tutduqları çılpaq natura təsviri XX əsrin ikinci yarısında Azərbaycanda həqiqət və özünüifadə axtarışının metaforuna, həmçinin rəsmi ideologiya ilə mübarizə simvoluna çevrilib.

Qeyd edək ki, sərgi iyunun 27-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə