“İki briqadanın ibrətli döyüş dərsləri” kitabının təqdimatı olub

“İki briqadanın ibrətli döyüş dərsləri” kitabının təqdimatı olub

Bu gün Azərbaycan Mətbuat Şurasında (MŞ) ehtiyatda olan polkovnik-leytenant İbrahim Məsimoğlunun "İki briqadanın ibrətli döyüş dərsləri" kitabının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, mərasimi Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq kitabın əhəmiyyətindən danışıb, onun ərsəyə gəlməsini müəllifin vətənpərvərlik mövqeyi kimi yüksək qiymətləndirdiyini bildirib.

MŞ-nin sədri kitabın nəşrinə görə rəhbərlik etdiyi qurumun diplomunu İbrahim Məsimoğluna təqdim edib.

Bildirilib ki, kitabda Azərbaycan Silahlı Qüvvələrinin təməl daşını qoyan ilk briqadanın erməni işğalçılarına qarşı apardığı qanlı-qadalı hərbi əməliyyatlarından, igid əsgər və zabitlərimizin misilsiz qəhrəmanlıq nümunələrindən söhbət açılır.

Milli hərb tariximizə ibrətamiz səhifələr yazan iki briqadanın döyüş yoluna həsr edilmiş bu kitab doğma yurdumuzu və ordumuzu qəlbən sevən hər bir azərbaycanlı üçün dəyərli məlumatlarla zəngindir.

Diqqətə çatdırılıb ki, ixtisasca jurnalist olan İbrahim Məsimoğlu mətbuatda hərbi müxbir kimi çalışıb. O, 1993-cü ildə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə başlayaraq 701 saylı hərbi hissənin tərkibində Murovdağ, Kəlbəcər, Füzuli, Ağdam və Tərtər döyüş zonalarında erməni işğalçılarına qarşı hərbi əməliyyatlarda iştirak edib. Sonra Müdafiə Nazirliyinin orqanı olan "Azərbaycan ordusu" qəzetində müxtəlif vəzifələrdə fəaliyyət göstərib.

Vurğulanıb ki, İbrahim Məsimoğlunun təqdim olunan kitabı gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi baxımından böyük əhəmiyyətə malikdir.

Qeyd edək ki, tədbirdə, həmçinin 701-ci briqadanın döyüş yolundan bəhs edən sənədli film nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə