Ağdaşda İlyas Əfəndiyevin 100 illik yubileyi qeyd edilib

Ağdaşda İlyas Əfəndiyevin 100 illik yubileyi qeyd edilib

Ağdaşda xalq yazıçısı, müasir ədəbiyyatımızın ölməz klassiki, istedadlı nasir və dramaturq, Azərbaycan ədəbiyyatı tarixində parlaq iz qoymuş İlyas Əfəndiyevin 100 illik yubileyi qeyd edilib. SİA-nın məlumatına görə, Ağdaş Rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirdə görkəmli ədibin həyat və yaradıcılığından geniş söhbət açılıb.

Bildirilib ki, İlyas Əfəndiyevin hekayələri və romanları bu gün də öz aktuallığını qoruyub saxlayır. Görkəmli yazıçının yaradıcılığı ədəbiyyat çərçivələrindən çıxaraq, incəsənətin digər sahələrinə də sirayət edib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizin hər yerində xalq yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin 100 illik yubileyi təntənə ilə qeyd olunur.

Qeyd edilib ki, İlyas Əfəndiyev çoxşaxəli yaradıcılıq yolu keçmiş sənətkarlardandır. Yazıçı istedadlı nasir və dramaturq kimi fəaliyyət göstərmiş, irihəcmli roman və povestlərlə bərabər, oçerk və məqalələr də ərsəyə gətirmiş, konfrans və qurultaylarda məruzələrlə çıxış edib. Onun ədəbiyyatın bütün janrlarında yaratdığı kamil sənət nümunələri yazıçının sənət palitrasının müxtəlif çalarlarından, dünyagörüşünün genişliyi və yaradıcılıq intellektindən xəbər verir.

Diqqətə çatdırılıb ki, ədəbiyyatımızın və teatrımızın inkişafında özünəməxsus yeri olan İlyas Əfəndiyevin yaradıcılığı dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib.

Qeyd edək ki, sonda tədbir iştirakçıları məktəblilərin ədibin pyesləri əsasında hazırladıqları səhnəciyə baxmış, yazıçının kitablarından ibarət sərgi ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə