Azərbaycan-Koreya musiqi gecəsi keçirilib

Azərbaycan-Koreya musiqi gecəsi keçirilib

Azərbaycanın Macarıstandakı səfirliyi və Budapeştdə fəaliyyət göstərən Koreya Respublikası Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə səfirlikdə Azərbaycan-Koreya musiqi gecəsi keçirilmişdir.

Gecədə Norveçin Qriq Musiqi Akademiyasında təhsil alan gənc azərbaycanlı musiqiçilərdən Humay Qasımzadə və Jalə Əliyeva görkəmli bəstəkar Fikrət Əmirovun, gənc musiqiçi Türkər Qasımzadənin, eləcə də Koreya Respublikasının tanınmış bəstəkarı İsanq Yunun əsərlərini ifa etmişlər.

Mərasimdə səfir Vilayət Quliyev bu konserti əslində dörd ölkənin - Azərbaycan, Koreya Respublikası, Norveç və Macarıstanın iştirakı ilə baş tutan kiçik mədəniyyət bayramı kimi dəyərləndirmiş, dünyanın nüfuzlu musiqi mərkəzlərində təhsil alan azərbaycanlı gənclərin milli musiqinin təbliğinə və dünya klassikasının tanıdılmasına mühüm töhfə verdiklərini qeyd etmişdir.

Gecədə Koreya Respublikasının Macarıstandakı səfiri Gvan-Pyo Nam, Budapeştdə akkreditə olunan diplomatik korpusun digər nümayəndələri, sənət adamları, Azərbaycan diasporunun üzvləri, Koreya Respublikası Mədəniyyət Mərkəzinin əməkdaşları, Ferens List Musiqi Akademiyasının tələbələri iştirak etmişlər.

Gənc Azərbaycan musiqiçilərinin yüksək ifaçılıq məharəti böyük maraqla qarşılanmış və dəfələrlə alqışlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə