Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında xalq yazıçısı İlyas Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı" romanı əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın ictimai baxışı keçirilib. SİA-nın məlumatına görə, görkəmli dramaturqun anadan olmasının 100 illiyi münasibətilə hazırlanan tamaşanın quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Əməkdar Rəssam İsmayıl Məmmədov, bəstəkarı Cəmalə Nəsirovadır.
İki zəhmətkeş və namuslu gəncin saf və təmənnasız məhəbbətindən, qarşılaşdığı çətinliklərdən, təmiz adlarının ləkələnməsindən xilas olmasına kömək edən xeyirxah hüquq mühafizə işçilərinin prinsipial işindən bəhs edən iki hissəli məhəbbət dastanı gəncləri qarşılıqlı, saf məhəbbətə, halal əməyə və cəmiyyətdə baş verən neqativ hallara qarşı mübarizə aparmağa səsləyir.
Tamaşada əsas rolları aktyorlar Günel Məmmədova (Sarıköynək), Elnur Kərimov (Valeh), Xalq Artistləri Tariyel Qasımov (Muradzadə), Yasin Qarayev (Baləmi), Əməkdar Artistlər Naibə Allahverdiyeva (Simuzər), Lətifə Əliyeva (Güllübəyim), Qəmər Məmmədova (Ceyran) və başqaları ifa ediblər. İctimai baxışda iştirak edən teatrın bədii şura üzvləri yeni səhnə əsəri haqqında yüksək fikirlər söyləyərək, tamaşanın uğurlu alındığını vurğulayıblar.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan yeni tamaşanın premyerası 20 iyun saat 19:00-da baş tutacaq.










Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB