Xalq çalğı alətləri ifaçılarının III respublika müsabiqəsi qaliblərinin yekun konserti keçiriləcək

Xalq çalğı alətləri ifaçılarının III respublika müsabiqəsi qaliblərinin yekun konserti keçiriləcək

Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının III respublika müsabiqəsinə yekun vurulub. SİA-nın məlumatına görə, müsabiqədə 6 ixtisas (tar, kamança, qanun, qarmon, balaban, saz) və 3 yaş qrupu (I qrup: 10-12 yaş, II qrup: 13-15 yaş, III qrup: 16-18 yaş) üzrə respublikada fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərindən, musiqi kolleclərindən, Azərbaycan Milli Konservatoriyasından, Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasından, Bülbül adına orta ixtisas musiqi məktəbindən, Qafqaz Universitetindən 600-ə yaxın şagird və tələbə iştirak ediblər. Müsabiqənin I turu 14 aprel-12 may tarixlərində zonalar üzrə Bakı, Mingəçevir, Abşeron, Goranboy, Şəki, Xaçmaz, Ağcabədi, Şirvan şəhər və rayonlarında, II turu isə 14-16 may tarixlərində Bakı şəhərində keçirilib. Münsiflər heyətinin qərarına əsasən müsabiqənin ixtisaslar və yaş qrupları üzrə laureatları müəyyənləşmiş, fərqlənən məktəblər, şagirdlər, müəllim və konsertmeysterlər qeyd olunub.

Qeyd edək ki, uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının III respublika müsabiqəsi qaliblərinin konserti və mükafatlandırılma mərasimi 10 iyun 2014-cü il tarixində saat 16:00-da M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə