“Qafqaz Albaniyasının tarixi və mədəni irsi insan hüquqları kontekstində”

“Qafqaz Albaniyasının tarixi və mədəni irsi insan hüquqları kontekstində”

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun birgə təşkilatçılığı, YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının və Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin dəstəyi ilə "Qafqaz Albaniyasının tarixi və mədəni irsi insan hüquqları kontekstində" mövzusuna həsr olunmuş beynəlxalq konfrans təşkil ediləcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, konfransın təntənəli açılış mərasimi 10 iyun tarixində "Four Seasons Hotel Baku" mehmanxanasında baş tutacaq.

Müxtəlif xarici ölkələrdən dəvət edilmiş qonaqların da iştirak edəcəyi tədbir 10-11 iyunda keçiriləcək. Qafqaz Albaniyası mövzusu üzrə hüquqi, dini və mədəni irs aspektlərini əhatələyəcək konfransın keçirilməsində əsas məqsəd Azərbaycanın Qafqaz Albaniyası irsinin mənəvi varisi olması və onun təbliği ilə bağlı fəaliyyət perspektivlərinə stimulun verilməsi, gələcəkdə bu istiqamətdə nəzərdə tutulan tədbirlərin görülməsi ilə bağlı müzakirələrin həyata keçirilməsidir. Açılış mərasimindən sonra konfrans Qafqaz Albaniyasının mədəni irs nümunələrinin milli və beynəlxalq səviyyədə qorunması, tədqiqi və təbliği mövzularını əhatə edəcək plenar iclas və sessiyalar ilə işini davam etdirəcək. Açılış mərasimində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının nümayəndələrinin çıxışları planlaşdırılıb. Qeyd edək ki, tədbirlər çərçivəsində beynəlxalq konfrans iştirakçıları üçün Qəbələ və Şəki rayonlarına turların da təşkil edilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə