Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar, Əməkdar İncəsənət Xadimi, xalq artisti Oqtay Zülfüqarovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri olan O. Zülfüqarovu təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb: "Oqtay Zülfüqarovun müxtəlif janrlarda bəstələdiyi əsərlər hər zaman dinləyicilər tərəfindən sevilib və hər kəsin böyük rəğbətini qazanıb. Sevindirici haldır ki, Azərbaycan mədəniyyətinin belə peşəkar sənətkarları var".
Mərasimdə səbəbkar çıxış edərək göstərilən diqqət və qayğıya görə hamıya dərin minnətdarlığını bildirib.
Tədbirdə Bakı Musiqi Akademiyasının professoru Ceyran Mahmudova görkəmli sənətkarın həyat və yaradıcılığı haqqında geniş məlumat verib: "1958-ci ildə Azərbaycan Milli Konservatoriyasında Qara Qarayevin sinfini uğurla başa vuran Oqtay Zülfüqarov müəlliminin məsləhəti ilə uşaqlar üçün silsilə mahnılar yazmağa başlayıb. O, "Qız-ulduz", "Pişik və sərçə" və "Meşə nağılı" operalarını da yazıb. "Şəngülüm, Şüngülüm və Məngülüm" adlı musiqili komediya, violonçel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın simfonik orkestr üçün yazdığı "Şənlən mənim xalqım" uvertürası bəstəkara çox böyük uğur qazandırıb". Nəzərinizə çatdıraq ki, hazırda O.Zülfüqarov Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəridir.
Qeyd edək ki, gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında bəstəkarın əsərlərindən parçalar səsləndirilib. Orkestrin bədii rəhbəri və baş dirijoru xalq artisti Rauf Abdullayevdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB