Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi qeyd edilib

Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi qeyd edilib

Naxçıvan Muxtar Respublikasının (MR) 90 illik yubileyi ilə əlaqədar Naxçıvan Musiqi Kolleci simfonik orkestrinin konserti olub. SİA-nın məlumatına görə, Naxçıvan şəhərindəki "Gənclik" Mərkəzində keçirilən konsertdən əvvəl kollecin müəllimi Səməd Əsgərov Naxçıvan MR-in yaradılmasının tarixi və siyasi səbəblərindən ətraflı söhbət açıb.

Bildirilib ki, Naxçıvan MR 1924-cü il fevralın 9-da Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin dekretinə əsasən yaradılıb. Bununla da qədim diyarın statusu qəti şəkildə müəyyənləşdirilib. Ötən əsrin sonlarında, bölgəyə erməni hücumlarının aramsız xarakter aldığı bir dövrdə, Azərbaycanın əsas ərazisi ilə əlaqələrin kəsildiyi şəraitdə Naxçıvanın muxtariyyət statusu çevik siyasi, iqtisadi və humanitar xarakterli addımların atılmasına, muxtariyyətin ərazisinə edilən qəsdlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasına, beləliklə də Azərbaycanın tarixi ərazisinin qorunub saxlanılmasına imkan yaradıb.

"Naxçıvanın muxtariyyət statusu ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə dövründə mühüm amil olmuşdur", – deyən Səməd Əsgərov bu statusun ulu öndər Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvandakı fəaliyyəti dövründə muxtar respublikanın suveren hüquqlarının təmin edilməsi uğrunda gedən mübarizədə xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Sonra kollecin simfonik orkestrinin konserti olub.

Konsertdə klassik Azərbaycan musiqisi nümunələri, bəstəkar mahnıları ifa edilib. Orkestrin ifasında səsləndirilən Ü.Hacıbəylinin "Azərbaycan Respublikasının dövlət himni", R.Məmmədovun "Doğma Naxçıvan", M.Maqomayevin "Azərbaycan", F.Əmirovun "Azərbaycan süitası" və digər musiqi nümunələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə