Bu gün "ASAN xidmət" mərkəzinin 3 saylı filialında "Gələcəyini öz əllərinlə qur" adlı layihə çərçivəsində xüsusi qayğıya ehtiyacı olan və sağlamlıq imkanları məhdud uşaq evlərində reabilitasiya proqramı əsasında müalicə alan uşaqların əl işlərindən ibarət xeyriyyə sərgisi keçirilib. SİA-nın məlumatına görə, "Hər uşaq bir çiçəkdir" devizi altında reallaşdırılan sərgi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, "ASAN Könüllüləri Gənclər Təşkilatı" İctimai Birliyinin, "Bacarıqlı Əllər Dünyası" İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə "Bacarıqlı Əllər Dünyası" İctimai Birliyinin rəhbəri Azadə Məmmədova, "ASAN Könüllüləri Gənclər Təşkilatı" İctimai Birliyinin baş katibi Vəfa Qubadova, "Azersun Holding"in ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin insan resursları və təlim şöbəsi müdirinin müavini Cahangir Hacıyev və digərləri çıxış edərək bildiriblər ki, sərginin məqsədi fiziki qüsurlu uşaqların bacarıq və qabiliyyətlərini üzə çıxarmaq, onların cəmiyyətə inteqrasiyasını, gələcəkdə özlərini qismən də olsa təmin etmələrinə yardımçı olacaq bir sənətlə təmin etməkdir.
Diqqətə çatdırılıb ki, 7 nömrəli əqli və fiziki qüsurlu uşaqlar üçün internat evi, gözdən əlillər üçün xüsusi internat məktəbi, Daun Sindromlu Şəxslərin Assosiasiyası, Uşaq Psixo-Nevroloji Mərkəzində dərslər keçirilmişdir. Sərgidə nümayiş olunan əl işləri həmin dərslərin nəticəsidir.
Qeyd edək ki, sərgidə Azərbaycanda geniş yayılmış tikmə növlərindən olan təkəlduz, xalçaçılıq, qoluben, müasir texnika və kompozisiyanı özündə əks etdirən muncuqlarla, kağızla, ipək saplarla hazırlanmış 200 əl işi nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB