Vaqif Səmədoğlunun 75 illik yubileyi qeyd edilib FOTOLAR

Vaqif Səmədoğlunun 75 illik yubileyi qeyd edilib FOTOLAR

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq Şairi Vaqif Səmədoğlunun 75 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib. SİA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən yubiley tədbirində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev çıxış edərək ədəbiyyatımızın "60-cılar" nəslini təmsil edən Vaqif Səmədoğlunun sevilən sənətkar olduğunu, onun şeirlərinin oxucular tərəfindən böyük maraq və rəğbətlə qarşılandığını bildirib: "Bu gün Azərbaycan ədəbiyyatı üçün yaddaqalan bir gündür. Məhz bu gün -tanınmış şair və ictimai xadim Vaqif Səmədoğlunun 75 yaşı tamam olur. Vaqif Səmədoğlunun yaradıcılığı Azərbaycan ədəbiyyatının təkrarolunmaz səhifələrindəndir. Mən onu uzun illərdir tanıyıram. Tanıdığım üçün xüsusi qeyd etmək istəyirəm ki, Vaqif Səmədoğlu ölkədə cərəyan edən ictimai-siyasi hadisələrə həmişə obyektiv qiymət vermiş və düzgün mövqe tutub. O, xalqını və Vətənini sevən böyük şəxsiyyətdir. Onun fitri istedadı və təvazökarlığı ictimaiyyət tərəfindən həmişə rəğbətlə qarşılanıb".

Sonra Prezident Administrasiyasının rəhbəri dövlətimizin başçısı İlham Əliyevin yubilyara təbrik məktubunu və Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında Sərəncamını oxuyub.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ali mükafatı yubilyara təqdim edib.

Mərasimdə Vaqif Səmədoğlu çıxış edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, Milli Məclisin mədəniyyət komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov və Xalq Artisti Ramiz Həsənoğlu çıxış edərək Vaqif Səmədoğlunun zəngin həyat yolundan və ədəbi fəaliyyətindən söhbət açıblar.

Bildirilib ki, onun "Yeddi şeir" adlı ilk yaradıcılıq məhsulu 1963-cü ildə "Azərbaycan" jurnalında dərc olunub. Bundan sonra Vaqif Səmədoğlunun dövri mətbuatda əsərləri vaxtaşırı dərc edilib. O, "Oğuz eli" qəzetinin baş redaktoru, Azərbaycan Sovet Ensiklopediyasında incəsənət redaksiyasının müdiri, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifələrində çalışmış, 2000-2005-ci illərdə Azərbaycan Milli Məclisinin deputatı olub.

Qeyd edilib ki, yubilyarın əsərləri bir çox xarici dillərə tərcümə edilib, kitabları MDB ölkələrində, Türkiyə və İranda nəşr olunub.

Natiqlər Vaqif Səmədoğlunun şeirimizə yeni poetik təfəkkür gətirdiyini, onun poeziyasında Azərbaycan insanının bəşəri "yük daşıyıcısı" kimi "qlobal status" qazandığını söyləyiblər.

Vurğulanıb ki, yubilyar "Yoldan teleqram", "Günün baxtı", "Mən burdayam, İlahi", "Uzaq yaşıl ada" kitabları, "Bəxt üzüyü" filminə, "Yaşıl eynəkli adam" televiziya tamaşasına yazdığı ssenarilər ilə ümumxalq məhəbbəti qazanıb.

Diqqətə çatdırılıb ki, öz orijinal üslubu ilə Azərbaycan şeirinə yeniliklər bəxş edən V.Səmədoğlu heç kəsə bənzəməyən bir sənət abidəsi yaradıb. Əgər onun şeirlərinin sonunda tarix göstərilməsə, heç vaxt bu poetik nümunəni hansı yaşda qələmə aldığını heç kəs bilməz. Bu, şairin istedadının böyüklüyündən xəbər verir.

Qeyd edilib ki, 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şairin yaradıcılığı həmişə yüksək qiymətləndirilmiş və o, Əməkdar İncəsənət Xadimi, Azərbaycanın Xalq Şairi fəxri adlarına, "Şərəf" ordeninə layiq görülüb. V.Səmədoğlu insan-cəmiyyət münasibətlərinin dərinliklərinə nüfuz etməyi bacaran, "böhranlı" məqamları həssaslıqla müəyyənləşdirən mütəfəkkir bir sənətkardır.

İstedadın istiqlala xidmət etməli olduğunu vurğulayan mərasim iştirakçıları Prezident İlham Əliyevə şairin yaradıcılığına verdiyi yüksək qiymətə görə minnətdarlıqlarını bildirmiş, yubilyara yeni yaradıcılıq uğurları arzulayıblar.

Sonra ekranda Vaqif Səmədoğlunun özü və şəcərəsi haqqında fikirləri, həyat fəlsəfəsi, düşüncələri təqdim olunub.

Tədbirin bədii hissəsində "Qaya" vokal instrumental və "Dan ulduzu" ansambllarının müşayiəti ilə tanınmış və gənc müğənnilərin ifasında yubilyarın şeirlərinə bəstələnmiş musiqi nömrələri təqdim edilmiş, pyesləri əsasında hazırlanmış tamaşalardan fraqmentlər göstərilib.

Sonda V.Səmədoğlu 75 illik yubileyinin yüksək səviyyədə qeyd olunmasına görə bir daha Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirmiş və mərasim iştirakçılarına cansağlığı arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə