“İsmailiyyə” folklor ansamblı Suraxanı rayonunda maraqlı konsert proqramı ilə çıxış edib

“İsmailiyyə” folklor ansamblı Suraxanı rayonunda maraqlı konsert proqramı ilə çıxış edib

Azərbaycanda Misir Mədəniyyəti Günləri davam edir. Mədəniyyət Günlərinin proqramı çərçivəsində Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri və dost ölkənin "İsmailiyyə" folklor ansamblının üzvləri Suraxanı rayonunda olublar. SİA-nın məlumatına görə, qonaqlar əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkındakı abidəsini ziyarət etmiş, önünə tər güllər qoymuş, Suraxanı Rayon Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Qonaqlara məlumat verilib ki, Mərkəzdə Ümummilli Liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər və eksponatlar nümayiş etdirilir. Suraxanı rayonunda Heydər Əliyev Mərkəzi artıq 5 ildir fəaliyyət göstərir. Bu illər ərzində Mərkəz rayonun ideoloji mərkəzinə çevrilib. Ötən 5 ildə Mərkəzdə müxtəlif mərkəzi icra hakimiyyətləri orqanları, ali təhsil müəssisələri, elmi institutlar və digər təşkilatlarla 130-dan çox tədbir keçirilib.

Sonra qonaqlar "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda olmuşlar. Məlumat verilmişdir ki, Azərbaycanın maddi mədəniyyət abidələri sırasında Bakının Suraxanı rayonunda yerləşən, XVII-XVIII əsrlərə aid atəşpərəst məbədinin qalıqları üzərində inşa olunmuş və UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun özünəməxsus yeri vardır. Qoruqda aparılmış bərpa və yenidənqurma işlərindən sonra onun sahəsi 4,2 min kvadratmetrdən 15 min kvadratmetrə qədər genişləndirilmişdir. Sahəsi iki min kvadratmetrdən artıq olan əsas bina xüsusi memarlıq üslubunda inşa olunub. Məbədlə həmahəng inşa olunan əsas binada dəmirçi kürəsi, dəmirçi emalatxanası, mis və çini qablar, taxta üzərində oyma, xalça, kəlağayı və həsir toxuma emalatxanaları, suvenirlər, rəsm qalereyası mövcuddur. Xüsusi memarlıq üslubunda yaradılan muzeydə Bakı şəhəri və Abşeron rayonu ərazisində vaxtilə mövcud olmuş qədim yaşayış binalarını və abidələri əks etdirən guşələr yaradılıb. Burada əcdadlarımızın istifadə etdikləri məişət əşyaları və incəsənət nümunələri nümayiş olunur.

Daha sonra Misir Ərəb Respublikasının "İsmailiyyə" folklor ansamblı Heydər Əliyev parkında rayon sakinləri qarşısında maraqlı konsert proqramı ilə çıxış edib.

Qeyde edək ki, proqramda rəngarəng Misir xalq rəqsləri, musiqi nömrələri nümayiş olunub. Konsert alqışlarla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə