Bakıda I Ümumrespublika Dekorativ-Tətbiqi Sənət Festivalı keçirilir

Bakıda I Ümumrespublika Dekorativ-Tətbiqi Sənət Festivalı keçirilir

"Kapellhaus" sərgi salonunda "Bəzək" Yaradıcı İnsanlar Birliyinin təşkilatçılığı ilə I Ümumrespublika Dekorativ-Tətbiqi Sənət Festivalı açılıb. SİA-nın məlumatına görə, sərgidə müxtəlif tətbiqi sənət texnikası ilə işlənmiş nümunələr təqdim olunub.

Öz işlərini sərgiliyən sənətkarlar arasında həm tələbələr, həm işləyənlər, həm də ev xanımları vardır. Bütün bu insanları incəsənətə və yaradıcılığa məhəbbət birləşdirir. Sərgiyə gələnlərin diqqətinə bədii mışarlama, xalçaçılıq, zərgərlik, keramika, toxuma, makrame, ağac üzərində bədii oyma, yapma, batika, vitraj, bədii tikmə, muncuqla hörmə, sabunbişirmə, bədii naxış, kukla, suvenir və mücrü nümunələri, yağlı və sulu boya ilə işlənmiş əsərlər təqdim olunub.

İnsanın gözü qarşısında həqiqətən rəngarəng mənzərə canlanır. Rənglərin və məmulatların bolluğu diqqəti hər hansı sənət əsərinin üzərində cəmləməyə imkan vermir. Sərgiyə gələnlər masadan masaya keçir, sonra geri qayıdır və diqqəti cəlb edən, bir çoxları həqiqətən əsl sənət əsəri olan işləri diqqətlə gözdən keçirirlər.

Bahirə Əliyevanın zərgərlik məmulatı. Firuzə, əqiq, mirvari və digər təbii daşlardan hazırlanmış boyunbağı, kulon, üzük, asma bəzək, sırğa və s. zərgərlik məmulatı zərifliyi və mükəmməlliyi ilə maraq doğurur. Kiçik xalçalar, habelə muncuqla işlənmiş, xalça naxışları fraqmentlərini əks etdirən kulonlar xüsusi maraq doğurur. Bakıda festival ilk dəfə keçirilsə də, Bahirə Əliyevanı təcrübəli sənətkar saymaq olar. O, dəfələrlə xarici ölkələrdə belə sərgi-festivallarda iştirak etmişdir. Onun əl işləri Milanda, Tbilisidə və digər şəhərlərdə keçirilən sərgilərdə diplomlara layiq görülüb.

Rəssamlar İttifaqının stendində balıqqulaqlarından tablolar, keramika məmulatı və milli suvenirlər nümayiş etdirilir. Sərgiyə gələnlər Zərifə xanımın masası yanında ehtiramla dayanırlar. Masada dekorativ tikmə, Quran üçün futlyar nümunələri nümayiş etdirilir. 83 yaşlı Zərifə xanım hesab edir ki, yaşı yaradıcılığına mane olmur, əksinə illər keçdikcə təcrübəsi artır. Sənətkarlar arzu edənlər üçün ustad dərsləri keçirlər. Həm suvenir şəklində düzəldilmiş, həm də həqiqi milli musiqi alətləri xüsusi maraq doğurubn. Suvenir musiqi alətləri hazırlamaq sahəsində 20 il iş təcrübəsi olan Rauf Seyidzadə xarici ölkələrdə bir çox sərgilərdə iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə