Naxçıvanski haqqında çəkilən sənədli film yekunlaşmaq üzrədir

Naxçıvanski haqqında çəkilən sənədli film yekunlaşmaq üzrədir

Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" kinostudiyası Sankt-Peterburqun "Lennauçfilm" studiyası ilə birgə Hüseyn Xan Naxçıvanski haqqında film çəkir. "Salnamə" kinostudiyasından SİA-ya verilən məlumata görə, "Şərəf və ləyaqət" adlı film görkəmli hərbi sərkərdə Hüseyn Xan Naxçıvanskinin qəhrəmanlığı və peşəkarlığından bəhs edir.

Filmin çəkilişləri Bakı, Naxçıvan, Tbilisi, Sankt-Peterburq, Moskvada və Türkiyənin bir sıra şəhərlərində aparılıb. Dövlət sifarişi ilə ekranlaşdırılan bu ekran əsərinin avqust ayında təhvil verilməsi nəzərdə tutulur. Hüseyn Xan Naxçıvanski on beş yaşında ikən Sankt- Peterburqdakı paj korpusu məktəbinə verilmiş, 1881-ci ildə məktəbi "əla" qiymətlərlə bitirib, çarın xüsusi süvari qoşununda xidmət edib. Sonralar Qafqazda və Rusiyanın müxtəlif şəhərlərində hərbi xidmətdə olan Hüseyn Xan Naxçıvanskiyə 1903-cü ildə polkovnik rütbəsi verilib. Birinci Dünya müharibəsi cəbhələrində qazandığı qələbələrə və sərkərdəlik məharətinə görə 1916-cı ildə Hüseyn Xan Naxçıvanskiyə tam süvari qoşunu generalı rütbəsi verilib. Sonralar Cənubi Qafqaz cəbhəsinin komandanı təyin edilmiş, Rusiyada fevral inqilabından sonra hərbi işdən uzaqlaşıb.

Qeyd edək ki, Hüseyn Xan Naxçıvanski 1919-cu ildə 56 yaşında Petroqradda (indiki Sankt-Peterburq) vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə