“Uşaqlar sülh istəyir”

Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Yevlax Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə "Uşaqlar sülh istəyir" mövzusunda inşa-yazı və rəsm müsabiqəsi keçirilib. SİA-nın məlumatına görə, müsabiqə Yevlax şəhərində məskunlaşmış məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksinin 30 nömrəli orta məktəbində təşkil olunub.

Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə keçirilən müsabiqə 80 şagirdə sülh və gələcək, Azərbaycan və Koreya Respublikası mövzusunda inşa-yazı və rəsm sahəsində öz bacarıqlarını yoxlamaq imkanı verib.

Müsabiqədən sonra uşaqlar səfirliyin əməkdaşları ilə birlikdə məşhur Koreya xörəkləri olan bulqoqi və kimçinin dadına baxıblar. Daha sonra isə müsabiqənin qalibləri tutduqları yerlərə müvafiq olaraq mükafatlandırılıblar.

Koreya Respublikasının Azərbaycanda fəaliyyət göstərən "Halla" Korporasiyası və "Ultra Construction and Engineering" tikinti şirkəti korporativ sosial öhdəliklərin tərkib hissəsi olaraq hədiyyələr təqdim etməklə tədbirə öz töhfələrini veriblər.

Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-in Yevlax şəhərinə səfər edərək icra hakimiyyətinin başçısı Qoca Səmədovla görüşüb. Səfir Yevlax şəhərində məskunlaşmış məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksi ilə tanış olmuş və burada məskunlaşmış bir ailəyə baş çəkərək onlarla söhbət edib. Bundan sonra səfir yaşayış kompleksində yerləşən orta məktəbə gələrək növbəti gün keçiriləcək inşa-yazı və rəsm müsabiqəsinə hazırlıq işləri ilə tanış olub.

Qeyd edək ki, Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş tədbir səfirliyin Koreya ilə Azərbaycan arasında qarşılıqlı anlaşma və inam əsasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə yönəlmiş səylərindən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə