Oqtay Zülfüqarovun 85 illik yubileyi qeyd ediləcək

Oqtay Zülfüqarovun 85 illik yubileyi qeyd ediləcək

İyunun 6-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar, Əməkdar İncəsənət Xadimi, xalq artisti Oqtay Zülfüqarovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. SİA-nın məlumatına görə, gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında bəstəkarın əsərlərindən parçalar səsləndiriləcəkdir.

Orkestrin bədii rəhbəri və baş dirijoru Xalq Artisti Rauf Abdullayevdir.

1958-ci ildə Azərbaycan Milli Konservatoriyasında Qara Qarayevin sinfini uğurla başa vuran Oqtay Zülfüqarov müəlliminin məsləhəti ilə uşaqlar üçün silsilə mahnılar yaratmağa başlayıb. Eyni zamanda o, "Qız-ulduz", "Pişik və sərçə" və "Meşə nağılı" operalarını da yazıb. "Şəngülüm, Şüngülüm və Məngülüm" adlı musiqili komediya, violonçel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın böyük simfonik orkestr üçün yaratdığı "Şənlən mənim xalqım" uvertürası 1962-ci ildə Moskvada laureat adına layiq görülüb.

Qeyd edək ki, hazırda O.Zülfüqarov Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəridir.

Bütün xəbərlər Facebook səhifəmizdə