Azərbaycan Birgə Yardım Təşkilatının (UAFA) təşəbbüsü ilə Müasir İncəsənət Muzeyində "Qəhrəmanlar" adlı fotosərgi açılıb. SİA-nın məlumatına görə, əlilliyi olan uşaqların qayğısına qalan fədakar qadınlara həsr olunmuş bu sərgi kral ailəsi fotoqrafı - David Montgomery və Rolling Stones qrupunun fotoqrafı – Nathan Brovningin iştirakı ilə hazırlanıb.
Sərgidə N. Brovningin Şağandakı 3 nömrəli internat evinin və Bakının Yasamal rayonunda yaşayan bir neçə ailənin qonağı olarkən çəkdiyi fotoşəkillər nümayiş olunub.
Tədbirdə çıxış edən UAFA-nın rəhbəri xanım Gvenololin Börçel rəhbərlik etdiyi qurumun fəaliyyətindən söz açıb.
Bildirilib ki, 1998-ci ildə Azərbaycanda əsası qoyulan bu təşkilat əsasən əlil uşaqlar üçün əsaslı reabilitasiya xidmətlərini həyata keçirir. Artıq UAFA Azərbaycanın beş bölgəsində layihələr reallaşdırmaqdadır. Bu işlərin həyata keçirilməsində təşkilat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə yaxından əməkdaşlıq edir.
G.Börçel diqqətə çatdırıb ki, bugünkü tədbirdə əlil uşaqlara kömək məqsədilə xeyriyyə lotereyası keçirilir. Hər kəs bu aksiyaya qoşulmaqla öz böyük insanlıq missiyasını yerinə yetirmiş olacaq.
Vurğulanıb ki, "Qəhrəmanlar" sərgisi əlilliyi olan uşaqlara qayğı göstərənlərin rolunu qabartmaqla hər gün bu fədakar qadınların üzləşdikləri çətinlikləri anlayaraq qiymətləndirməyimizə yardım edəcək. Onlar əsl qəhrəmanlardır və bu günədək heç kəs onların əzmkarlığını diqqət mərkəzinə gətirməyib.
Açılış mərasimində çıxış edən David Montgomery bildirib ki, bu fotolar insanın daxili dünyasına təsir edir. Bu əsərlər ətrafımızdakı, xüsusilə də qayğıya ehtiyacı olan uşaqlara diqqətlə yanaşmağa çağırır. Daha sonra tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar.
Qeyd edək ki, sərgi iyunun 15-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB