“İstedadlı uşaqlar festivalı-2014” adlı tədbir keçirilib FOTOLAR

“İstedadlı uşaqlar festivalı-2014” adlı tədbir keçirilib FOTOLAR

Bu gün Beynəlxalq Muğam Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və "YARAT" Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə 1 iyun-Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunan "İstedadlı uşaqlar festivalı-2014" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, UNİCEF-in Azərbaycan nümayəndəsi Mark Herevard, Böyük Britaniyanın Səhiyyə və Qərb Sağlamlıq Nazirliyinin rəsmiləri Pat Armstronq və Tomas Ceyms, millət vəkilləri, dövlət orqanlarının və QHT-lərin nümayəndləri, media işçiləri və başqaları iştirak ediblər.

Festivala xüsusi qayğıya ehtiyacı olan və digər xalqları təmsil edən 200-dək uşaq qatılıb.

Dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən AQUPDK-nın sədri Hicran Hüseynova və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hervord uşaqları təbrik edib, ölkəmizdə həyata keçirilən dövlət uşaq siyasətinin uğurlu nəticələrindən danışıblar.

Qeyd olunub ki, hazırda ölkəmizdə 2 milyon 500 mindən çox uşaq vardır. Respublikamızın sürətli iqtisadi inkişafı onların sosial problemlərinin həlli üçün etibarlı zəmin yaradır. Bildirilib ki, əsası Ümummili Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasəti artıq milli stategiya kimi formalaşıb.

Tədbirdə rəsm əsərləri nümayiş etdirilib, həmçinin 2013-2014-cü illərdə uğur qazanmış uşaqların fəaliyyətini əks etdirən "İstedadlı uşaqlar-2014" mövzusunda qısa filmin təqdimatı olub.

Sonra elm-təhsil, yaradıcılıq və idman sahələrində Azərbaycanı beynəlxalq müsabiqələrdə və yarışmalarda təmsil edərək qalib olmuş, yüksək nailiyyətlər əldə etmiş uşaqlar mükafatlandırılıb, "Azərbaycanın gələcəyi" kuboku ilə təltif olunublar.

Qeyd edək ki, festival uşaq yaradıcılıq qruplarının iştirakı ilə konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə