Bakı Turizm Peşə Məktəbində ustad dərsləri keçirilib

Bakı Turizm Peşə Məktəbində ustad dərsləri keçirilib

Bakı Turizm Peşə Məktəbinin təhsil-təlim mərkəzində Türkiyə Aşpazlar Federasiyasının vitse-prezidenti Fırat Dursun tərəfindən ixtisas fənn müəllimləri və istehsalat təlim ustaları üçün ustad dərsi keçirilib. SİA-nın məlumatına görə, Bakı Turizm Peşə Məktəbinin tədris-istehsalat işləri üzrə direktor müavini Cəmaləddin Axundov ustad dərslərinə Azərbaycan Turizm İnstitutunun qida mühəndisliyi fakültəsinin mütəxəssislərinin dəvət olunduğunu, bu cür treninqlərin dünyada aşpazlıq sənətində baş verən yeniliklər, müasir tələblər barədə istehsalat-təlim ustaları üçün böyük əhəmiyyət kəsb etdiyini bilsirib. Sentyabr ayında Bakı Turizm Peşə Məktəbinə daxil olan yeni şagirdlər üçün də belə ustad dərslərinin təşkili nəzərdə tutulur. Direktorun dediyinə görə növbəti mərhələlərdə də Azərbaycanda fəaliyyət göstərən brend hotellərin baş aşpazlarının Turizm Peşə Məktəbinin şagirdləri üçün treninqləri təşkil olunacaq. Hazırda məkəbdə 100 nəfər aşpazlıq ixtisası üzrə təhsil alır. Onlar müxtəlif hotellərdə istehsalat təlimi keçirlər. Burda təhsil alan bəzi gənclər hazırda böyük hotellərdə aşpaz, baş aşpaz kimi fəaliyyət göstərirlər. Bir çox hallarda həmin şagirdlər təcrübə keçdikləri hotellərdə qalıb işləyirlər. Hal-hazırda məktəbin şagirdlərindən "Fairmont Baku" hotelində, "Mado" və "Meridian" restoranlarında təcrübə müddətində olanlar var. Bu günlərdə açılışı olan "Şamaxı Resort" hotelində məktəbin bir neçə məzunu aşpaz kimi işə götürülüb. Bundan başqa, məzunlardan bir neçəsi "Quba Resort" hotelində çalışır. Türkiyə Aşpazlar Federasiyasının vitse-prezidenti Fırat Dursun budəfəki dərslərdə istehsalat təlimi ustalarına iki cür sousun və meyvə püresinin hazırlanması və təqdim olunmasını öyrədib. Digər xalqların mətbəx mədəniyyəti ilə tanış olmağın yalnız müsbət tərəfləri olduğunu və hər zaman belə dərslərdə özünün də yeni məqamlarla qarşılaşdığını deyən Fırat Dursun Azərbaycan mətbəxinin dünya mətbəxləri arasında ön sıralardan birini tutduğunu və özünün də bu mətbəxi öyrənmək marağında olduğunu söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə