M.Ə.Sabir Fondu KİV nümayəndələri ilə görüş keçirib FOTO

M.Ə.Sabir Fondu KİV nümayəndələri ilə görüş keçirib FOTO

Bu gün dahi şairimiz Mirzə Ələkbər Sabirin anadan olmasının 152-ci ildönümü münasibətilə Mirzə Ələkbər Sabir Fondunun rəhbərliyi mətbuat nümayəndələri ilə görüş keçirib. SİA-nın məlumatına görə, ilk öncə qonaqları salamlayan Fondun prezidenti Sevda Tahirli dəvəti qəbul etdiyinə görə KİV nümayəndələrinə öz minnətdarlığını bildirib. Daha sonra Fond haqqında ətraflı məlumat verib.

Bildirib ki, Mirzə Ələkbər Sabir Fondu 2012-ci ildə yaradılıb, 29 iyun 2012-ci il tarixində Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Fondun əsas məqsədi Mirzə Ələkbər Sabir yaradıcılığının öyrənilməsi və irsinin tədqiqindən ibarətdir. Fondun əsas vəzifələri Mirzə Ələkbər Sabir yaradıcılığını gənclər arasında təbliğ etmək, M.Ə.Sabir irsinin öyrənilməsinə gənc araşdırmaçıları cəlb etmək, M.Ə.Sabir yaradıcılığının beynəlxalq aləmdə tanınmasına yardımçı olmaqdır. Mirzə Ələkbər Sabir Fondu 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycan ədəbi dilinin tətbiqi qüsurlarının monitorinqi" layihəsini icra edib. 2014-cü ilin mart ayından etibarən eyni adlı layihənin davamı kimi yenidən icrasına başlanıldığını bildirib. Bu layihə müddətində İctimai Televiziyada da mövzuya aid veriliş çəkilib.

Sevda Tahirli mətbuat nümayəndlərinə bir daha təşəkkürünü bildirdi və Fond ilə əməkdaşlıq etməyə dəvət etdi. Sonda səhər süfrəsi arxasında görüş davam etdirilib.

Qeyd edək ki, Fondun prezidenti Sevda Tahirli tədbirin keçirilməsinə dəstək verdiyi üçün New Baku Hotelinin rəhbərliyinə və "Skal" İnternational Baku təşkilatının rəhbərliyinə öz minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə