“Tələbə baharı” Qubada olacaq

28 may 2014-cü il tarixi saat 20.00-da Azərbaycanın dilbər guşələrindən olan Quba rayonunda "Yaşıl teatr" da "Tələbə baharı" Festivalının Qala konserti keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, 2-3 aprel tarixlərdə Festivalın seçim mərhələləri keçirilib və seçim turlarında 20-dən çox ali təhsil müəssisəsindən 200-dən çox tələbə müxtəlif nominasiylar üzrə öz istedadlarını ən mükəmməl şəkildə nümayiş etdiriblər.

Festivalın keçirilməsində məqsəd, tələbə-yaradıcılıq kollektivlərini inkişaf etdirmək, ali təhsil müəssisələrinin tələbələri və orada fəaliyyət göstərən dərnəklər arasında tələbə mübadiləsini təşkil etmək, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaqdır. Asudə vaxtın səmərəli təşkil edilməsi sahəsində səylərin gücləndirilməsi, yeni ünsiyyət və əlaqələrin formalaşdırılması da əsas istiqamətlərdən biridir.

2006-cı ildən bu günə kimi Gənclər və İdman nazirliyinin həyata keçirdiyi "Tələbə baharı" festivalının iştirakçıları arasında 2009-cu ildə Eurovision mahnı müsabiqəsində Azərbaycanı fəxrlə təmsil edən və 3-cü yerin qalibi olan Aysel Teymurzadə, 2011-ci ildə "Eurovision" qalibiyyətini Azərbaycana bəxş edən Eldar Qasımov da olub.

Festivalda iştirak hər bir universitetin daxili qaydalarına əsasən keçirilmiş müsabiqənin nəticələrinə və yaxud istedadlı tələbələrin arzusuna əsasən müəyyən edilir. Festivalda ali təhsil müəssisələrinin tələbələri və magistrantları, yaradıcılıq kollektivləri fərdi və ya kollektiv şəkildə iştirak edə bilərlər.

Qeyd : Festivalın nominasiyaları aşağıdakılardır.

Musiqi üzrə

-pop musiqisi

-xalq mahnıları

-caz musiqisi

-klassik musiqi (vokal)

-estrada musiqisi

Rəqs üzrə -milli rəqslər (kollektiv)

-müasir rəqslər (kollektiv)

-bal rəqsləri

Bütün xəbərlər Facebook səhifəmizdə