Gənc pianoçuların uğurları

Bakı şəhər G.Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano ixtisası üzrə şagirdləri, Prezident təqaüdçüləri Atabala Manafzadə (əməkdar müəllim Kamilla Əmirovanın sinfi) və Nəriman Əmiraslanov (professor Siala Sinamdzqvarişvilinin sinfi) İtaliyanın "Pianofriends" Assosiasiyası tərəfindən Milan şəhərində keçirilən "İstedadlı pianoçular orkestr ilə" adlı ustad sinifləri və orkestr ilə konsertdən ibarət festivalda, habelə 19-24 may tarixlərində "Gənc istedadlar orkestr ilə" İkinci Beynəlxalq Barlassina müsabiqəsində iştirak ediblər.

Almaniya, ABŞ, Azərbaycan, Peru, Özbəkistan, Rumıniya, Rusiya, Yunanıstan, İsveçrə, İtaliya, Koreya, Yaponiya, Sinqapur, Albaniya və digər ölkələrdən iştirakçıların qatıldığı müsabiqədə Atabala Manafzadə klassik, Nəriman Əmiraslanov romantik nominasiya üzrə çıxış ediblər. A.Manafzadə ikinci mükafata, N.Əmiraslanov üçüncü mükafata layiq görülərək müsabiqənin laureatı olublar. C.Verdi adına Milan konservatoriyasında qaliblərin mükafatlandırılması mərasimi keçirilmiş, habelə hər iki şagird konservatoriyada orkestr ilə çıxış ediblər.

Qeyd etmək lazımdır ki, Bakı şəhər G.Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin daha bir şagirdi cari ilin may ayında beynəlxalq müsabiqədə uğur qazanıb. Məktəbin fortepiano ixtisası üzrə V sinif şagirdi Həşim Həşimov (müəllim Kamilla Əmirova) Türkiyənin İstanbul şəhərində keçirilmiş IX Pera Beynəlxalq Piano Festivalında I yerə layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə