IV Beynəlxalq Simpozium keçiriləcək

IV Beynəlxalq Simpozium keçiriləcək

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, "MİRAS" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, İtaliya Konservasiya Alimləri Assosiasiyası, Mədəni Mülkiyyətin Öyrənilməsi və Bərpası üzrə Beynəlxalq Mərkəzinin (İCCROM), İtaliya Respublikasının Sapienza və Belçika Krallığının Antverpen Universitetlərinin təşkilatçılığı və Azərbaycan Milli Elmlər Akademiyası, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Ağsu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Mədəni İrsin Konservasiyasında Gənclər Beynəlxalq Şəbəkəsinin IV Beynəlxalq Simpoziumu keçiriləcək. SİA-nın məlumatına görə, dünyanın 25-dən artıq ölkəsindən mədəni irsin tədqiqi və qorunması sahəsində ixtisaslaşan 100-dən artıq gənc mütəxəssisinin iştirak edəcəyi tədbir 28-30 may 2014-cü il tarixində keçiriləcək.

Nəzərinizə çatdıraq ki, Mədəni İrsin Konservasiyasında Gənclər Beynəlxalq Şəbəkəsi (YOCOCU) 2008-ci ildə təsis edilib. YOCOCU mədəni irsin inkişafının təmin edilməsi üzrə müxtəlif sahələrdə çalışan tələbələr, magistrlər, doktorantlar, gənc tədqiqatçılar və konservasiyaçılar üçün geniş imkanların yaradılmasına, onların beynəlxalq şəbəkəsinin arealının genişləndirilməsinə və irsin mühafizəsində gənclərin rolunun daha da artırılmasına xidmət edən beynəlxalq qeyri-hökumət təşkilatıdır. Şəbəkənin bundan öncəki Simpoziumları Roma, Palermo və Antverpen şəhərlərində keçirilib. 2012-ci ildə Belçikanın Antverpen şəhərində keçirilən III YOCOCU Simpoziumunda Azərbaycan nümayəndə heyəti iştirak edərək, növbəti tədbirin Azərbaycanda keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Tədbirin açılış mərasimi 28 may 2014-cü il tarixində saat 10:00-da Ağsu rayonunda "Orta əsr Ağsu şəhəri" Arxeoloji Turizm Kompleksində başlayacaq və saat 14:30-da Şamaxı Palace Platinum by Rixos Hotelinin konfrans zalında plenar iclasla davam etdiriləcək. Açılış mərasimində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının və İtaliya Konservasiya Alimləri Assosiasiyasının rəhbər şəxslərinin iştirakı nəzərdə tutulub.

Simpoziumun bölmə iclasları 28-29 may 2014-cü il tarixində mədəni irsin tədqiqi və qorunması üzrə müxtəlif problemlərə həsr olunmuş təqdimatların nümayişi ilə davam etdiriləcək. Simpoziumun bölmə iclaslarının ətraflı proqramı ilə http://www.yococu.com/ elektron ünvanında tanış olmaq mümkündür. Tədbirlər çərçivəsində IV Beynəlxalq Simpoziumun iştirakçıları üçün Lahıc tarix-mədəniyyət qoruğu və Basqal Dövlət tarix-mədəniyyət qoruğuna informativ turların da təşkil edilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə