“Sarıköynəklə Valehin nağılı”

“Sarıköynəklə Valehin nağılı”

Yaxın günlərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi münasibətilə müəllifin "Sarıköynəklə Valehin nağılı" romanı əsasında səhnələşdirilmiş eyniadlı tamaşaya ictimai baxış keçiriləcək. SİA-nın məlumatına görə, iki zəhmətkeş və namuslu gəncin saf və təmənnasız məhəbbətindən, qarşılaşdığı çətinliklərdən, təmiz adlarının ləkələnməsindən xilas olmasına kömək edən xeyirxah hüquq mühafizə işçilərinin prinsipial işindən bəhs edən ki hissəli məhəbbət dastanı gəncləri qarşılıqlı, saf məhəbbətə, halal əməyə və cəmiyyətdə baş verən neqativ hallara qarşı mübarizə aparmağa səsləyir.

Yeni səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Əməkdar Rəssam İsmayıl Məmmədov, bəstəkarı Cəmalə Nəsirovadır.

Tamaşada əsas rolları aktyorlar Günel Məmmədova (Sarıköynək), Elnur Kərimov (Valeh), xalq artistləri Tariyel Qasımov (Muradzadə), Yasin Qarayev (Baləmi), əməkdar artistlər Naibə Allahverdiyeva (Simuzər), Lətifə Əliyeva (Güllübəyim), Qəmər Məmmədova (Ceyran) və başqaları ifa edəcəklər.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan yeni tamaşanın ictimai baxışı iyun ayının 10-da saat 16:00-da, premyerası isə 15 iyun saat 19:00-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə