Qaradağ rayonundakı Müşfiqabad Qəsəbə Mədəniyyət Evi bir neçə il davam edən təmirdən sonra yenidən sakinlərin istifadəsinə verilib. SİA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, 274 nömrəli orta məktəbin direktoru Atakişi Cəfərov, mədəniyyət evinin işçiləri, media nümayəndələri və başqaları iştirak ediblər.
Naziri Əbülfəs Qarayev çıxış edərək qəsəbədə mədəniyyət evinin yenidən fəaliyyətə başlamasını əlamətdar hadisə kimi səciyyələndiyini bildirib: "Müşfiqabad Qəsəbə Mədəniyyət Evi 1987-ci ildə xüsusi layihə kimi inşa olunub. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illər üzrə Bakı şəhərinin və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində, mədəniyyət sahəsində həyata keçiriləcək tədbirlər planına əsasən, mədəniyyət evi 2011-ci ildə əsaslı təmirə dayandırılıb. Təmir-bərpa işləri Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilib. Digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də görülən işlər dövlətin qayğısından xəbər verir".
Daha sonra Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, 274 nömrəli orta məktəbin direktoru Atakişi Cəfərov söz alaraq Mədəniyyət Evi haqqında geniş məlumat veriblər. Qeyd olunub ki, ümumi sahəsi 2850 kvadratmetr olan binanın birinci mərtəbəsində 224 nəfərlik tamaşa zalı, işıqlandırma və idarəetmə sistemi mövcuddur.
Bu mərtəbədə, həmçinin Qaradağ Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı (Müşfiqabad qəsəbə kütləvi kitabxanası) fəaliyyət göstərəcək. Hazırda kitabxana 13302 nüsxə kitab fonduna, 1488 nəfər oxucu sayına, 11990 nüsxə kitab saxlancına malikdir. Binanın ikinci mərtəbəsində isə 110 nəfərlik konfrans zalı və texniki avadanlıqlar, internet şəbəkəsi üçün ayrılmış bir sıra başqa otaqlar yerləşir.
Ümumiyyətlə, mədəniyyət evində yaradıcılıq üçün ayrılmış müxtəlif otaqlarda bədii qiraət, uşaq dram dərnəyi, muğam, tar, fortepiano, qarmon, rəqs, rəsm və digər dərnəklər fəaliyyət göstərəcək.
Qeyd edək ki, mədəniyyət evi ilə tanışlıqdan sonra bu müəssisənin özfəaliyyət kollektivinin ifasında konsert proqramı təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB