“Azərbaycan haqqında ən yaxşı məqalə” yazanlar- FOTOLAR

“Azərbaycan haqqında ən yaxşı məqalə” yazanlar- FOTOLAR

Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində "Özbəkistan KİV-lərində Azərbaycan haqqında ən yaxşı məqalə" müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. SİA-nın məlumatına görə, müsabiqənin təşkilatçıları Azərbaycanın Özbəkistandakı Səfirliyi, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzidir.

Müsabiqə 3 nominasiya üzrə "Azərbaycan", "Heydər Əliyev" və "Azərbaycan mədəniyyəti" mövzusunda elan edilmiş və bu mövzularda Özbək mətbuatında xeyli məqalə dərc olunub. Müsabiqənin Münsiflər Heyəti qeyd olunan nominasiyalar üzrə 2013-cü ilin Özbəkistan mətbuatında ilin ən yaxşı məqalələrini müəyyənləşdirib.

Tədbirin açılışında çıxış edən səfir Hüseyn Quliyev müsabiqənin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi şərəfinə 2013-cü ildə elan edildiyini və bu müsabiqənin Azərbaycan-Özbəkistan dostluğunu, Azərbaycan mövzusunun Özbəkistan mətbuatında geniş işıqlandırdırmasını xidmət etdiyini qeyd edib. O, bütün qalibləri təbrik etmiş, bu cür layihələrin iki ölkə dostluğunun möhkəmlənməsi, habelə təbliğatı cəhətdən faydalı olduğunu və gələcəkdə də davam etdiriləcəyini bildirib.

Daha sonra mükafatlandırma mərasimi başlamış, qaliblər Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev tərəfindən mükafatlandırılmış, onlara Mədəniyyət Mərkəzinin Fəxri Fərmanları və pul mükafatları təqdim olunub.

Elan olunmuş müsabiqədə "Azərbaycan haqqında" nominasiyası üzrə birinci mükafat jurnalist Şöhrət Səttarovun "Şərq və Qərbin darvazası" məqaləsi üçün, ikinci mükafat jurnalist Şərafəddin Tulaqanovun "Azərbaycan-Özbəkistan dostluğu inkişaf yolunda" məqaləsi üçün,"Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında" nominasiyası üzrə birinci mükafat jurnalist Olimcan Poladovun "Azərbaycan xalqının böyük oğlu" adlı məqaləsinə, ikinci mükafat jurnalist Cəsur Xəmrəyevin "Azəri xalqının tarixində bir insan var ki" adlı məqaləsi və "Azərbaycan mədəniyyəti" nominasiyası üzrə birinci mükafat jurnalist Rüstəm Cəbbarovun "İsmətli qala-Qız qalası" adlı məqaləsi, ikinci mükafat jurnalist Sergey Qurbanovun "Azərbaycan və Özbəkistan böyük ipək yolu ilə" adlı məqalələri layiq görülüblər.

2013-cü il üçün Özbəkistanda Azərbaycan haqqında ən çox məqalə dərc edən jurnal nominasiyası üzrə Daşkənddəki "Cahan ədəbiyyatı" jurnalı təltif olunmuş və mükafat jurnalın baş redaktoru Şöhrət Rzayevə təqdim olunub.

Tədbirin bədii hissəsində Azərbaycan və Özbək sənətçiləri maraqlı nömrələrlə çıxış etmiş, Azərbaycan və özbək mahnıları ifa olunmuşdur. Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblı Azərbaycan rəqslərini ifa ediblər.

Qeyd edək ki, tədbirlə əlaqədar "Azərbaycan", "Heydər Əliyev" və "Azərbaycan mədəniyyəti" mövzusunda kitab sərgiləri təşkil olunmuş və sərgidə yeni nəşrlər nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə