Məmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Culfa rayonunda qastrol səfərində olub. SİA-nın məlumatına görə, teatrın kollektivi may24-də Babək rayon mərkəzində, Nehrəm, Zeynəddin, Sirab, Şıxmahmud, Yarımca kəndlərində, ayın sonunda isə Ordubad şəhəri və rayonun Dəstə kəndində uşaqların görüşünə gələcək.
Muxtar respublikanın şəhər və kəndlərinə yaz qastrol səfərinə çıxan teatr kollektivi əvvəlcə Şərur rayonunun 7, daha sonra Kəngərli rayonunun 4 kəndində məktəblilər qarşısında çıxış edib.
Kukla teatrı balaca tamaşaçıların görüşünə Nağı İsmayılzadənin "Ağca və Bozca" tamaşası ilə gəlib. Uşaqlara xeyirxahlıq, mərhəmət, anaya məhəbbət, çətin anlarda bir-birinə kömək əli uzatmaq kimi ülvi hisslər aşılayan tamaşada əsas rolları teatrın aktyorları Ulduz Süleymanova, Ləman Vəliyeva, İlham Babayev, İlqar Babayev, Süleyman Süleymanov canlandırırlar. Tamaşanın quruluşçu rejissoru xalq artisti Yasəmən Ramazanova, quruluşçu rəssamı Rafael Qədimov, bəstəkarı Əli Məmmədov, mahnıların mətni şair Zaur Vedilinindir.
Qeyd edək ki, bu il yaradılmasının 25 illiyi tamam olan M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı aprel ayının sonlarında Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən "Kuklaların fantaziyası" IV Beynəlxalq Kukla Teatrları Festivalında uğurla çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB