Mayın 23-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda "Naxçıvan – bəşəriyyətin beşiyi" II Beynəlxalq Rəsm Festivalında iştirak edən rəssamların əsərlərindən ibarət sərgi nümayiş olunub.
Sərgiyə baxışdan əvvəl Rəssamlar Birliyinin sədri, Azərbaycanın Əməkdar Rəssamı Ülviyyə Həmzəyeva və Naxçıvan MR Ali Məclisi Aparatının humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək festivalın əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı"na əsasən keçirilən beynəlxalq rəsm festivalı Naxçıvanın zəngin tarixi və bu günü ilə səsləşən mədəniyyət və sənət bayramı kimi yaddaşlarda yaşayacaqdır.
Festivalda iştirak edən rəssamlara xatirə plaketləri və hədiyyələr təqdim olunduqdan sonra sərgiyə baxış keçirilib.
Türkiyəli rəssamlardan Nilufər İnaltonqun və Hülya Sezginin, Gürcüstandan Tamar Lamparadzenin və Gia Markozaşvillinin, iranlı Cəlaləddin Piraninin, Azərbaycan rəssamlarından Adil Talıbovun və Eldar Zeynalovun, həmçinin naxçıvanlı fırça ustalarından Məhəmmədəli Ələkbərovun, Cavid İsmayılovun, Tural Həsənlinin, Həbibə Allahverdiyevanın və başqalarının əsərləri sərgiyə gələnlərə xoş təsir bağışlayıb. Duyğu və düşüncələrin, işıqla kölgənin, keçmişlə müasirliyin sintezindən yaranan əsərlərdə Naxçıvanın simvoluna çevrilən Haçadağ, əsrlərin yadigarı Nuhun türbəsi, "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksi rəssam təxəyyülünə məxsus çalarlarla öz bədii inikasını tapıb.
Mayın 23-də rəssamlar Bəhruz Kəngərli Muzeyində də olublar. Qonaqlara məlumat verilib ki, 30 il ömür sürən Bəhruz Kəngərli zəngin irs qoymuş, cəmi yeddiillik yaradıcılıq dövründə 2 minə qədər rəsm əsəri yaratmışdır. O, realist portret və mənzərə rəsm yaradıcılığının, eləcə də Azərbaycan boyakarlığında realizmin əsasını qoymaqla Azərbaycan bədii sənət xəzinəsinə dəyərli nümunələr bəxş etmiş, onu yeni ictimai məzmun və janr, yeni təsvir metodu və ifadə vasitələri ilə zənginləşdirib.
Günün ikinci yarısında Naxçıvan Dövlət Universitetində gənc rəssamların əl işlərindən ibarət sərgiyə baxış olub.
Bununla da "Naxçıvan – bəşəriyyətin beşiyi" II Beynəlxalq Rəsm Festivalı başa çatıb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB