Salyanda Əli bəy Hüseynzadənin 150 illik yubileyi qeyd edilib

Salyanda Əli bəy Hüseynzadənin 150 illik yubileyi qeyd edilib

Prezident İlham Əliyevin Əli bəy Hüseynzadənin 150 illik yubileyinin qeyd edilməsi ilə bağlı Sərəncamına uyğun olaraq Salyanda "Əli bəy Hüseynzadə-müstəqil Vətən məfkurəsi" mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş, əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra görkəmli maarifçi Əli bəy Hüseynzadənin abidəsi ziyarət olunub, türk əsgərlərinin Salyan şəhər qəbiristanlığındakı məzarları və Xəlil Rza Ulutürkün abidəsi önünə gül dəstələri qoyulub.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov Ümummilli lider Heydər Əliyevin milli mənəvi dəyərlərimizə daim böyük diqqət göstərməsindən danışıb, Prezident İlham Əliyevin Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamını bu sahədə varislik xəttinin davamı kimi səciyyələndirib.

Azərbaycanda maarifçilik ideyalarının təşəkkülü və formalaşmasında Əli bəy Hüseynzadənin əvəzsiz xidmətlərindən danışan İstanbul Türk Ocaqları Birliyinin rəhbəri Çezmi Bayram Əli bəy Hüseynzadənin təkcə Azərbaycanda deyil, Türkiyədə də görkəmli ictimai xadim, pedaqoq, həkim, jurnalist, yazıçı-publisist, rəssam kimi tanındığını söyləyib, müstəqil Vətən məfkurəli maarifçinin "Türkləşmək, islamlaşmaq, müasirləşmək" ideyasının dəyərini diqqətə çatdırıb.

Türkiyəli professorlar Yavuz Akpınar, Səbahəddin Şimşir, Kazım Yetiş və başqaları Əli bəy Hüseynzadənin həyat və fəaliyyəti , "Səlyani" təxəllüsü ilə keçdiyi yaradıcılıq yolu, "Kaspi", " Baku" qəzetləri, "Həyat", "Füyuzat" jurnalları ilə əməkdaşlığı barədə ətraflı məlumat veriblər.

Əli bəy Hüseynzadənin çoxşaxəli fəaliyyətindən danışan Milli Məclisin deputatları Əliağa Hüseynov və Qənirə Paşayeva bildiriblər ki, Azərbaycan ədəbi-elmi fikir tarixində Mirzə Fətəli Axundzadədən sonra yeni bir mərhələnin başlanğıcını qoymuş, "füyuzatçılar" adlı ədəbi-fəlsəfi məktəb yaradıb.

Qeyd edək ki, tədbirdə böyük maarifçinin bu gün də aktuallığını itirməyən fikirləri xüsusi qeyd edilib və tariximizə, mədəni irsimizə döstərdiyi qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə