Mədəniyyət və Turizm naziri Telli Pənahqızını təbrik edib

Mədəniyyət və Turizm naziri Telli Pənahqızını təbrik edib

Azərbaycan Dövlət Musiqili Teatrının ədəbi dram hissə rəhbəri, jurnalist, şair, publisist Telli Pənahqızının 60 yaşı tamam olur. SİA-nın məlumatına görə, bu münasibətlə, Mədəniyyət və Turizm naziri Əbulfəs Qarayev, Telli Pənah qızı Əliyevanı milli mədəniyyətimiz sahəsindəki uzunmüddətli, səmərəli fəaliyyətinə görə təbrik edərək mükafatlandırıb.

Nəzərinizə çatdıraq ki, Telli Pənah qızı Əliyeva 1954-cü il mayın 24-də Qərbi Azərbaycanda, Vedibasar mahalının Böyük Vedi kəndində anadan olub. Burada kənd orta məktəbini bitirdikdən sonra 1971-1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.

O, əmək fəaliyyətinə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində gənclik redaksiyasında kiçik redaktor, redaktor kimi başlayıb. "Günün ekranı" redaksiyasında şöbə müdiri, baş redaktorun müavini, informasiya xidməti üzrə sədr müavini, ikinci proqram üzrə baş proqram direktorunun müavini vəzifələrində çalışıb. Azərbaycan jurnalistikasında məktəb yaradan Telli Pənahqızının imzası bu gün də tanınır, sevilir. Bir-birindən maraqlı müəllif verilişləri, süjetləri və reportajları ilə milli mədəniyyətimizin təbliği istiqamətində əvəzsiz xidmətlər göstərib. Eyni zamanda Telli Pənahqızı, son 20 ildə dünyanın bir çox ölkələrində keçirilən Azərbaycan Mədəniyyəti Günlərində ölkəmizi layiqincə təmsil edib.

Bədii yaradıcılığa tələbəlik illərindən başlayan Telli Pənahqızının dövrü mətbuatda saysız şeir, oçerk və hekayələri də dərc olunub. Müəllifin müxtəlif illərdə "Ömrün qoşa izləri", "Tanrımla söhbət", "Ayrılıqdan sonra çəkilmiş şəkillər", "Səsində ay işığı var", "Uzun incə bir yol varmış" əsərləri nəşr edilib. Telli Pənahqızı 2006-cı ildə əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.

Qeyd edək ki, 60 illik yubileyi münasibətilə mayın 30-da Gənc Tamaşaçılar Teatrında Telli Pənahqızının yaradıcılıq gecəsi keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə