Lerikdə şair-publisist Ağacəfər Həsənlinin 60 illik yubileyi qeyd edilib

Lerikdə şair-publisist Ağacəfər Həsənlinin 60 illik yubileyi qeyd edilib

Lerik rayon mədəniyyət evində şair-publisist Ağacəfər Həsənlinin 60 illik yubileyi qeyd edilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, mərasim iştirakçıları əvvəlcə mədəniyyət evində düzənlənmiş sərgi ilə tanış olublar.

Tədbirdə yubilyar Ağacəfər Həsənlinin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.

Yubiley tədbirində filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə, Milli Məclisin deputatı, yazıçı Aqil Abbas, Lerik şəhər tam orta internat məktəbinin müəllimi Akif Rzayev, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, şair Vaqif Bəhmənli, Mətbuat Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, şair İslam Qərib, "Qobustan" jurnalının baş redaktorunun müavini Maarif Soltan, rayon ağsaqqallar şurası idarə heyətinin üzvü Qəhrəman Əliyev, yubilyarın orta məktəb müəllimi Nəriman Rəfiyev, şair Balayar Sadiq, rayon ziyalılar cəmiyyətinin sədri Etibar Həşimov, Milli Məclisin deputatı İqbal Məmmədov və başqaları çıxış edərək Ağacəfər Həsənlinin müasir Azərbaycan poeziyasının tanınmış nümayəndəsi olduğunu bildirib, onu həm də sadiq dost, elinə-obasına bağlı yaradıcı insan kimi xarakterizə ediblər.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov şairin yubileyinin keçirilməsini Prezident cənab İlham Əliyevin yaradıcı insanlara olan diqqət və qayğısının nəticəsi olduğunu diqqətə çatdırıb. O, Ağacəfər Həsənliyə rayon icra hakimiyyətinin fəxri fərmanını təqdim edib, şairə uzun ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

Tədbirdə şairin şeirləri səsləndirilib, musiqi nömrələri ifa edilib.

Sonda Ağacəfər Həsənli çıxış edərək ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə