Opera və Balet Teatrının solistləri mükafatlandırıldı

Opera və Balet Teatrının solistləri mükafatlandırıldı

Qazaxıstanın paytaxtı Astana şəhərinin "Konqres Xoll" salonunda görkəmli qazax bəstəkarı, SSRİ Xalq Artisti, Qazaxıstanın Dövlət mükafatı laureatı, professor Erkeqali Raxmadiyevin "Alpamıs" operasının premyerası keçirilib. SİA-nın məlumatına görə, konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Abay adına Qazaxıstan Dövlət Opera Teatrının solistləri və dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi ilə Astana Filarmonik orkestri və xoru iştirak ediblər. Bəstəkar E.Raxmadiyevin vəfatının birinci ildönümünə həsr olunmuş möhtəşəm tədbir TÜRKSOY-un təşkilatçılığı və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Astana Dövlət Filarmoniyası və Azərbaycan Dövlət Opera Teatrının dəstəyi ilə keçirilib.

Əsas rolların ifaçıları – İlahə Əfəndiyeva (Gülbarşın), Fəridə Məmmədova (Mıstan), Fərid Əliyev (Karaman), Səbinə Vahabzadə (Ana torpaq), Tələt Hüseynov (Tayşik xan), Tural Ağasiyev (Keykuat), Anton Ferştant (Alpamıs) və Qazaxıstanın Xalq Artisti, tanınmış opera müğənnisi Gülzat Dauırbayevanın (Karağöz) təsirli və dolğun ifaları qazax dinləyiciləri tərəfindən böyük maraqla qarşılanıb.

Türk dünyasının möhtəşəm eposu "Dədə Qorqud"un qəhrəmanlarından biri olan cəngavər Alpamısa həsr olunmuş bu möhtəşəm səhnə əsərinin ifasında Astana Filarmoniyasının simfonik orkestri (bədii rəhbər – Yerlan Baktıgerey), xor kollektivi (bədii rəhbər - Gülmira Kuttıbadamova) və dirijor Əyyub Quliyevin uğurlu müştərək iştirakı iki dost ölkənin möhkəm yaradıcı əlaqələrinin böyük nailiyyəti və təntənəsi kimi qeyd olunmalıdır.

Konsert bitdikdən sonra TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Qazaxıstanın mədəniyyət nazirinin müavini Askar Buribayev və Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov səhnəyə çıxaraq dirijor və solistləri təbrik etmiş və onlara təşkilatın yubiley medalını veriblər.

Konsertdə iştirak edən bəstəkarın xanımı Klara Raxmadiyeva müəllifin ailəsi adından ifaçılara minnətdarlığını bildirib.

Qeyd edək ki, "Alpamıs" operası ilk dəfə olaraq 2013-cü ilin mayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə