Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında VII Beynəlxalq Mstislav Rostropoviç festivalının təntənəli bağlanış mərasimi olub. SİA-nın məlumatına görə, festival Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Mstislav Rostropoviç Fondunun birgə təşkilatçılığı ilə keçirilib. Festivalın bədii rəhbəri Olqa Rostropoviçdir.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, görkəmli ictimai xadimlər, tanınmış mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.
Mstislav Rostropoviçə həsr olunmuş beynəlxalq festival hazırda müxtəlif ölkələrdə və şəhərlərdə keçirilir. Lakin 2007-ci ildə Maestronun xatirəsinə həsr edilmiş ilk festival məhz Bakıda, onun Vətənində təşkil olunub. Festivalın yeddiillik tarixi Mstislav Rostropoviçin dostlarını, səhnə tərəfdaşlarını və şagirdlərini – müxtəlif ölkələrdən ən yaxşı musiqiçiləri və yaradıcı gəncləri birləşdirir.
Müxtəlif ölkələrdən dünya şöhrətli musiqiçilər və kollektivlər - Sankt-Peterburq Akademik Simfonik Orkestri, Monte-Karlo Simfonik Orkestri, Qalina Vişnevskayanın Opera İfası Mərkəzinin solistləri, dirijor Yuri Temirkanov, pianoçular Boris Berezovski və Denis Kojuxin, skripkaçılar Loran Korsia və Sergey Doqadin də bu il mayın 12-dən 18-dək keçirilmiş festivalda iştirak ediblər.
Festivalın son akkordu Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin çıxışı olub. Kollektiv V.A.Motsartın "Don Juan" operasından uvertüranı və 40-cı simfoniyasını, eləcə də R.Şumanın violonçel və orkestr üçün Konsertini ifa edib.
Orkestrə Gintaras Rinyakçivus dirijorluq etmiş, solist kimi David Gerinqas (violonçel) çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB