“Dost ellərinin hədiyyələri” sərgisinin təntənəli açılışı olub FOTOLAR

“Dost ellərinin hədiyyələri” sərgisinin təntənəli açılışı olub FOTOLAR

Bu gün AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində "Dost ellərinin hədiyyələri" sərgisinin təntənəli açılışı olub. SİA-nın məlumatına görə, sərgidə sərgidə AMEA-nın prezidenti Akif Əlizadə, müxtəlif ölkələrin səfirləri və diplomatları iştirak edib.

Tədbirdə muzeyin direktoru Nailə Vəlixanlı çıxış edərək muzeydə təqdim olunan hədiyyələrin tarixindən, dəyərindən və ölkələrin bir-biri ilə sıx əlaqəsindən bəhs edib: "Muzeydə belə bir sərgi ilk dəfədir təşkil edilir. Ümumiyyətlə, hazırda Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında xarici ölkələrin 800-dən artıq eksponatı qorunmaqdadır. Ən birinci hədiyyə 1944-cü ilə aiddir və Təbriz azərbaycanlılarının o vaxtkı Azərbaycan SSR-ə hədiyyəsidir. Ən çox hədiyyə (105 ədəd) Rusiya Federasiyası tərəfindən təqdim edilib. 74 ölkə və bölgəni təmsil edən 600-dən artıq nadir eksponat – Azərbaycanın dövlət müəssisələri və görkəmli şəxsiyyətlərinə olunan hədiyyələr nümayiş olunub".

Diqqətə çatdırılıb ki, burada siyasi xarakterli hədiyyələrlə bərabər, idman, mədəniyyət, sənaye yönümlü hədiyyələr də yer alıb. Ekspozisiyada alban, bolqar, Çex, Qana, monqol, özbək, rumın, türkmən milli geyimləri sərgilənib. Eyni zamanda, sərgidə əfqan, Belarus, rumın, İran, Mali, Misir, Moldova, kabardin-balkar, tacik, türkmən xalçaları nümayiş etdirilib. Nadir hədiyyələr arasında rus, qazax, Kuba, Hindistan, Çin, Seneqal, özbək musiqi alətləri də təqdim olunur.

Ekspozisiyada, həmçinin Rusiya Federasiyanın prezidenti Vladimir Putinin, Meksika Birləşmiş Ştatlarının prezidenti X.Lopesin, Misir Ərəb Respublikasının prezidenti Camal Əbdül Nasirin, İran şahı Məhəmməd Rza Pəhləvinin, İndoneziyanın Baş naziri Sukarnonun, İndoneziya parlamentinin spikeri Marzuki Alienin, Albaniyanın Baş naziri Ənvər Xocanın, Əfqanıstan şahı Məhəmməd Zahirin, Türkiyə prezidenti Turqut Özalın xanımı Səmra Özalın hədiyyələri nümayiş edilir.

Ekspozisiyada tamaşaçılar, eyni zamanda, italyan siyasi dustaqlarının (partizanlarının) həbsxanada çörəkdən düzəltdikləri suvenir gül çələngini, Almaniyanı iki hissəyə ayıran divar parçasından külqabını, ABŞ-ın ilk kosmonavtı Staffordun imzası ilə fotoşəkli, Qazaxıstandan qədim türk oyunu "9 kumalak"ı, Yaponiyadan samuray dəbilqəsini, Seneqaldan yay-ox və maskaları, Rusiyanın ilk sökülüb- yığılan velosipedini, Özbəkistanın nadir keramikasını, Çexiyanın nadir büllur qablarını, Tbilisinin fəxri vətəndaşının medalını, 1887-ci ildə buraxılmış ABŞ dollarını, İran sədəflərini, Hindistan musiqi alətlərini, Belarusun Brest qalasının müqəddəs torpağını, Baltikyanı ölkələrin rəssamlarının rəsm əsərlərini, 1924-cü il Braziliya pulunu, Çin keramika fiqurlarını, Əfqanıstandan mərmər masanı, fin bıçağını, İraq gümüş suvenirlərini, Kuba konyak dəstini, monqol ağac oyuncaqlarını, Myanma fiqurlarını, Ukrayna tikmələrini və s. görə bilərlər.

Qeyd edək ki, sərgi sentyabrın 1-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə