Norveçli müğənni və skripkaçı, "Eurovision-2009" mahnı müsabiqəsinin qalibi Aleksandr Rıbak Heydər Əliyev Mərkəzində yeni layihəsini təqdim edib. SİA-nın məlumatına görə, ifaçı Respublika İncəsənət Gimnaziyasının şagirdləri ilə birgə konsert proqramı ilə çıxış edib.
Konsertdən əvvəl Norveç Krallığının Azərbaycandakı səfiri Erlinq Şönsberq qonaqları salamlayıb. Norveçli diplomat Aleksandr Rıbakın Bakıda konsertinin təşkilindən məmnunluğunu bildirmiş, bu işdə əməyi olan hər kəsə, o cümlədən Heydər Əliyev Mərkəzinin kollektivinə dərin təşəkkürünü bildirib.
Aleksandr Rıbak layihə ilə əlaqədar mayın 12-də Bakıya gəlib və 3 gün ərzində səhnəni bölüşəcəyi gənclərlə məşqlər keçirib.
Heydər Əliyev Mərkəzində təqdim edilən konsert Aleksandr Rıbak ilə tamaşaçılar arasında yaranan sıx və səmimi münasibətlə yadda qalan olubr. Sevilən ifaçı konsertin təşkilində əməyi olan hər kəsə, o cümlədən Heydər Əliyev Mərkəzinə və Norveçin Azərbaycandakı səfirliyinə dərin ninnətdarlığını bildirib.
Konsertdə Respublika İncəsənət Gimnaziyasının şagirdləri Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Vasif Adıgözəlov və Tofiq Quliyevin əsərlərini ifa etmişlər. Aleksandr Rıbak azərbaycanlı şagirdlərlə birgə müəllifi olduğu mahnıları, o cümlədən ona "Eurovision-2009" mahnı müsabiqəsində qalibiyyət gətirən "Fairytale" mahnısını təqdim edib. Norveçli müğənni Bakı tamaşaçıları qarşısında, həmçinin repertuarından bir çox hitləri səsləndirib. Heydər Əliyev Mərkəzində Aleksandr Rıbakın çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, Aleksandr Rıbak 2009-cu ildə "Fairytale" mahnısı ilə "Eurovision" mahnı müsabiqəsində birincilik əldə etdikdən sonra dünya turu çərçivəsində bir sıra konsertlər verib. Müğənni-skripkaçı, həmçinin müxtəlif ölkələrdə istedadlı gənclərlə birgə çıxış edib. Layihə gənc istedadlara dəstək məqsədi daşıyır.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB