Azərbaycan Praqada keçirilən Beynəlxalq Kitab Sərgisində uğurla təmsil olunur

Azərbaycan Praqada keçirilən Beynəlxalq Kitab Sərgisində uğurla təmsil olunur

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və ölkəmizin Çex Respublikasındakı Səfirliyinin dəstəyi ilə Azərbaycan sərgidə təmsil olunur. SİA-nın məlumatına görə, hər il təşkil olunan Praqa kitab sərgisi bu il "20-ci Beynəlxalq Kitab Sərgisi və Ədəbi Festival" adı altında fəaliyyətə başlayıb. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti Praqa Beynəlxalq Kitab Sərgisinə ilk dəfə 2011-ci ildə qatılıb. Praqada keçirilən sərgidə iştirak zəngin milli mədəniyyətimizin, ölkəmizdə sürətlə inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təbliğ olunması, ümumən respublikamızda aparılan genişmiqyaslı quruculuq işlərinin və eyni zamanda əldə olunan uğurların dünyaya çatdırılması üçün mühüm vasitədir. Bu gün Azərbaycanın uğurlu mədəniyyət siyasəti nəticəsində ölkədə kitab nəşri və poliqrafiya məhsullarının istehsalı sahəsində bir çox uğurlar əldə edilmiş, sahənin inkişafına təkan verən lazımi şərait yaradılıb. Ölkə başçısının kitab nəşri, kitabın təbliği, yayılması və qorunmasına, dərsliklərin, lüğətlərin, tərcümə və elmi ədəbiyyatın işıq üzü görməsi ilə bağlı qərar və göstərişləri əhalinin çap məhsulları ilə təmin olunmasında mühüm rol oynayıb. Mədəniyyət və Turizm Nazirliyi fəaliyyətində müntəzəm olaraq ölkədə kitab nəşri işinə xüsusi diqqət və qayğı göstərmiş, bu sahənin dünya standartlarına uyğun inkişafı və Azərbaycan kitab mədəniyyətinin beynəlxalq aləmdə tanıdılması üçün mühüm işlər görüb. Azərbaycan kitabı müxtəlif beynəlxalq müsabiqələrdə qalib gəlmiş, beynəlxalq sərgilərdə yüksək səviyyədə təmsil və təbliğ olunub. Hazırda bu istiqamət üzrə fəaliyyət davam etməkdədir. Milli ekspozisiyamızı təşkil etmək məqsədi ilə sərgidə 12 kvadratmetrlik sahədə stend avadanlığı quraşdırılıb. Burada ölkəmizin tarixinə, mədəniyyətinə, ədəbiyyatına, turizm imkanlarına, Qarabağa həsr edilmiş 160 adda 300 nüsxədən çox kitab və reklam çap məhsulları nümayiş olunur. Eyni zamanda stendimizdə "Bakı-2015" birinci Avropa Oyunları ilə bağlı reklam vasitələri yerləşdirilmiş, maraqlananlara ölkəmizin ev sahibliyini edəcəyi beynəlxalq tədbir haqqında dolğun informasiyaların əks etdirildiyi broşür və bukletlər paylanılır. Maraqlananlara ölkəmizin mədəniyyəti və tarixi haqqında ətraflı məlumat verilir, kitablar hədiyyə olunur. Praga Beynəlxalq Kitab Sərgisinin açılışında Azərbaycan Respublikasının Mədəniyyət ve Turizm Nazirliyinin aparatının rəhbəri F.Qurbanov iştirak edib. Sərgi mayın 18-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə