Beynəlxalq Ailə Günü ilə bağlı bayram tədbiri keçirilib

Beynəlxalq Ailə Günü ilə bağlı bayram tədbiri keçirilib

BMT Baş Məclisinin 1993-cü il 20 sentyabr tarixli qətnaməsinə əsasən, hər il mayın 15-i bütün dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. SİA-nın məlumatına görə, bu münasibətlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Abşeron rayonunda bayram tədbiri keçirilib.

Tanınmış ictimai xadimlərin, xarici ölkələrin ölkəmizdəki səfirlərinin, beynəlxalq təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin qatıldıqları tədbirdə bildirilib ki, Beynəlxalq Ailə Gününün qeyd olunmasının məqsədi cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin ailə həyatına hazırlığı, milli azlıqları təmsil edən ailələrin adət-ənənələrinin nümayişi, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin, sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə inteqrasiyasının, nümunəvi çoxuşaqlı ailələrin təbliğidir.

Ənənə halını almış bayramda "Bacarıqlı əllər", "Milli mətbəx", "Yaradıcı ailə", "Nümunəvi ailə" nominasiyaları üzrə respublikamızın bütün şəhər və rayonlarından seçilmiş ailələr iştirak ediblər.

Bayram tədbirində müxtəlif mövzuları əks etdirən guşələr iştirakçıların istifadəsinə verilib. Guşələrdə iştirakçı ailələr müxtəlif mövzular üzrə ekspertlərin mühazirələrini, faydalı məsləhətlərini dinləyə, onları maraqlandıran sualları ekspertlərə ünvanlaya bilərdilər. Eyni zamanda, bayramda müxtəlif sərgilər təqdim edilmiş, bölgələrin mətbəxini əks etdirən milli xörəklərin, qədim peşə sahələrindən olan əl işlərinin hazırlanması nümayiş olunmuş, ailələr arasında müxtəlif əyləncəli oyunlar keçirilib.

Qeyd edək ki, hər il olduğu kimi, bu il də bayram şənliyində Azərbaycan xalqının toy adət-ənənələri nümayişi olunub, bir ailənin brilliant toyu və xınayaxdı mərasimi keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə