AŞNK-də Azərbaycan sədrliyi öz üzərinə götürür

AŞNK-də Azərbaycan sədrliyi öz üzərinə götürür

AŞNK-də Azərbaycan ilk dəfə olaraq sədrliyi öz üzərinə götürür. SİA-nın məlumatına görə, sədrlik 6 ay müddətində davam edəcək və bir sıra mədəni tədbirlərlə müşayiət olunacaq. 13 may tarixində sədrliyin başlanması münasibətilə Strasburqun tanınmış Broqli meydanında bayraq dəyişmə mərasimi baş tutub. İlk növbədə Avstriya dövlətinin bayrağı aşağı endirilib bu ölkənin Avropa Şurası yanında daimi nümayəndəliyinə təhvil verilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət himni sədaları altında bayrağımız ucaldılıb. Tədbirdə Strasburq merinin müavini cənab Jan-Jak Qsel, Avropa Şurası Baş katibinin müavini xanım Qabriella Battaini-Draqoni, Avstriyanın Avropa Şurası yanında daimi nümayəndəsi səfir Rudolf Lenx və Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi səfir Emin Eyyubov çıxış edərək sədrlik dövründəki ən mühüm məsələlərə toxunmuş, sədrliyin hər iki tərəf üçün əlverişli olacağına əminliklərini ifadə ediblər. 14 may tarixində Strasburqun Musiqi və Konqres Sarayında Etno-jazz konserti və Azərbaycan mətbəx nümunələrinin təqdimatı təşkil olunacaq. Azərbaycanın milli musiqi formalarından və alətlərindən istifadə edərək caz üslubu məcrasında ifadan yaranan "Etno-caz" janrında konsert caz ifaçısı İsfar Sarabski və onu müşayiət edən musiqiçilərin ifası səslənəcəkdir. Mətbəx təqdimatı çərçivəsində isə milli mətbəximizin ən ləziz nümunələri Avropa ictimaiyyətinə Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanovun rəhbərliyi ilə aşpaz qrupu tərəfindən təqdim olunacaq. Tədbir Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyinin dəstəyi ilə həyata keçirilir. Təşkilatı məsələlərlə bağlı Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin əməkdaşı Ramil Abbəkirov Fransaya ezam edilib.

Tədbirdən videomateriallara baxmaq üçün link: https://www.youtube.com/watch?v=B3tCGx6wIUU

Bütün xəbərlər Facebook səhifəmizdə