Park Cinema “Qodzilla 3D” filmini ən realistik formatda təqdim edəcək

Park Cinema “Qodzilla 3D” filmini ən realistik formatda təqdim edəcək

"Qodzilla" haqqında yeni, 3 D formatlı bədii filminin dünya premyerasından 2 gün əvvəl Metropark-dakı Park Cinema kinoteatrında KİV nümayəndələri, kinosevərlər və Park Cinema kinoteatrlar şəbəkəsinin daimi müştəriləri üçün qapalı nümayişi keçirilib. Park Cinema kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyevin SİA-ya verdiyi xəbərə görə, mayın 15-dən etibarən dünyanın bir sıra ölkələri ilə yanaşı Azərbaycanda da prokata çıxacaq film Park Cinema kinoteatrlar şəbəkəsinin zallarında Azərbaycanda ilk dəfə olaraq iki dildə - rus və türk dillərində tamaşaçıların diqqətinə təqdim olunacaq.

Namiq Quliyevin sözlərinə görə, film insanların təbiətə dağıdıcı təsirinin nəticəsi olaraq meydana çıxan Qodzillaya qarşı insanların birləşərək mübarizə aparmasından, onların şücaət və hünərindən bəhs etsə də, kino eyni zamanda tamaşaçıları düşünməyə vadar edir: "Qodzillanın mənfi qəhrəman kimi təqdim edildiyi bu filmin süjet xətti insanla təbiətin mübarizəsindən bəhs edir. Lakin bu qarşıdurmadan insanların qalib çıxması mümkünsüzdür, çünki təbiət daim insan üzərində zəfər qazanacaq. Gənc rejissor-fantast Qaret Edvardsın kinosevərlərə çatdırmaq istədiyi başlıca fikir də odur ki, Qodzilla insanların təbiətə qarşı etinasız münasibətinin törətdiyi fəsaddır. Bütün bəşəriyətin mövcudluğuna təhlükə yaradan Qodzilla insanlara cəza olaraq göndərilmiş bir varlıqdır".

Namiq Quliyev kinotənqidçilərin əsas rollarda Aaron Teylor-Conson, Ken Vatanabe, Jülyet Binoş və digər aktyorların çəkildiyi Qodzilla 3D filminə nümayişə başlandığı ilk gündən böyük gəlir əldə edəcəyini proqnozlaşdırdıqlarını qeyd edərək Şimali Amerikada artıq ilk seanslara satılan biletlərin 70 mln. dollara çatdığını vurğulayıb.

Məlumat üçün bildirək ki, filmi Warner Bros və Legendary Pictures studiyası birgə çəkib.

Qeyd edək ki, şəbəkənin kinoteatrlarında ən son texnologiyalardan istifadə olunan və kinoproyeksiya sahəsində təqdim olunan aparıcı brendlərdən olan avadanlıqlar quraşdırılmışdır. Şəbəkə və repertuar haqqında ətraflı məlumatı www.parkcinema.az saytından və Facebook sosial şəbəkə səhifəsindən http://www.facebook.com/ParkCinema əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə