Tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi-seminar keçirilib
Muzey Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibəti ilə təsviri və tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi-seminar keçirilib. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Vilayət İsmayılov, Mədəniyyət və Turizm Nazirliyinin elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev, Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov, gənc rəssamlar, mədəniyyət və incəsənət xadimləri, ali təhsil müəssisələrinin, bir sıra digər təşkilatların nümayəndələri, media işçiləri və başqaları iştirak ediblər.
Tədbiri Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Vilayət İsmayılov açaraq bu cür tədbirlərin artıq silsilə hal aldığını bildirib. Vilayət İsmayılov belə möhtəşəm tədbirlərin keçirilməsində dövlətin qayğısının danılmaz olduğunu xüsusilə vurğulayıb: "Ölkəmizdə hər il belə sərgilər keçirilir və bununla da sərgimizə növbəti illər də yeni əsərlər daxil olur. Bu da onu göstərir ki, Azərbaycanda digər sahələrdə olduğu kimi mədəniyyət və incəsənt sahəsində də inkişaf var. Ümummilli lider Heydər Əliyevin mədəniyyət sahəsinə göstərdiyi hədsiz diqqət və qayğını bu gün cənab prezidentimiz İlham Əliyev də uğurla davam etdirir. Musiqimiz, teatrımız, kino sənətimiz, heykəltaraşlıq və rəssamlığımız, xalça sənətimiz də bugünkü inkişaf yoluna çıxmasında Ulu Öndərin çox dəyərli ideyalarından bəhrələnib. Dahi şəxsiyyət Heydər Əliyev mədəniyyətimizi inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi".
Daha sonra Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov söz alaraq bu sərginin Ümummilli Lider Heydər Əliyevin 91 illiyinə həsr olunduğunu və burada 91 müəllifin 391 əsəri təqdim edildiyini diqqətə çatdırıb.
Tədbirdə münsiflər tərəfindən fərqlənmiş əsərlərin müəlliflərinə diplom və qiymətli hədiyyələr təqdim edilib. Mükafat alanlar sırasında Pərviz Babazadə, Babayeva Pərvanə, Osmanlı Şəlalə və başqaları diplomla, İsgəndərova Aygün, Kərimova Sevinc, Məmmədov Ələkbər, Əkbərov Nazim, Əsgərova Şəhla və başqaları isə Fəxri Fərmanlarla təltif olunublar.
Diplom alanlar sırasında Babazadə Pərviz də sözügedən sərgidə iştirak etdiyinə görə çox sevindiyini bildirib: "Buraya digər rəssamların sərgilərini görüb, daha sonra qatılmağa qərar verdim. Artıq ikinci dəfədir ki, sərgidə həvəskar rəssam kimi iştirak edirəm. Sərgidə mənim iki əsərim nümayiş olunub. Onu da deyim ki, gələcək sərgilərdə də iştirak edib müvəfəqiyyət qazanacağımı düşünürəm".
Sonda sərginin açılış mərasimi baş tutub. Sərgi-seminarda rəngkarlıq və qrafika əsərləri, habelə xalı və xalça məmulatları, nəqqaşlıq, bədii tikmə və digər tətbiqi sənət üzrə respublikanın müxtəlif şəhər və rayonlarından doxsana yaxın müəllifin üç yüz əllidən çox əsəri nümayiş edilib.
Qeyd edək ki, sərgi-seminar 4 gün davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB