Ağdaşda Çingiz Abdullayevin yubileyi qeyd edilib

Ağdaşda Çingiz Abdullayevin yubileyi qeyd edilib

Azərbaycan Yazıçılar Birliyinin katibi, tanınmış detektiv yazıçı, nasir, publisist, xalq yazıçısı Çingiz Abdullayevin anadan olmasının 55 illik yubileyi hazırda respublikamızın hər yerində qeyd olunur. SİA-nın məlumatına görə, Ağdaş Rayon Mərkəzi Kitabxanasında yazıçı Çingiz Abdullayevin yubileyi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin, idarə və təşkilatların əməkdaşları, təhsil və mədəniyyət işçiləri, gənclər iştirak ediblər.

İştirakçılar əvvəlcə yazıçının həyat və yaradıcılığı haqqında yazılmış materialların əks olunduğu "Cingiz Abdullayev-55" adlı kitab sərgisi ilə tanış olmuş, onun haqqında hazırlanmış videoçarxa baxıblar.

Sonra kitabxananın direktoru Seyfəddin Feyzullayev yazıçı-publisist yubilyar haqqında ətraflı danışaraq bildirib ki, təkcə Azərbaycanda deyil, bütün dünyada ən məşhur detektiv janr ustası olan Çingiz Abdullayev gənc yaşlarında Xalq Yazıçısı adına layiq görülüb. Qeyd edilib ki, 193 adda kitabın müəllifi olan məhsuldar yazıçı Çingiz Abdullayev ədəbi fəaliyyətə hələ tələbəlik dövründən başlayıb. O, 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir, rus dilində yazıb-yaradır, ingilis və italyan dillərində sərbəst danışır. Onun əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış 20 milyon nüsxədə olan 600-dən çox kitabı bütün dünyada yayılıb. Bu kitablar onu bütün dünyada siyasi detektiv janrında yazan ən yaxşı müasir yazıçı kimi tanıtdırıb. Ç.Abdullayev Prezident İlham Əliyevin 2009-cu il 7 aprel tarixli Sərəncamı ilə Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.

Yazıçının əsərləri barədə danışan rayon ziyalıları Çingiz Abdullayevin yaradıcılığının pərəstişkarı olduqlarını, uzun illər onun kitablarını sevə-sevə oxuduqlarını qeyd etmiş, yazıçının son illərdə nəşr olunan kitabları, əsərlərinə çəkilmiş filmlər haqqında məlumat veriblər.

Qeyd edək ki, tədbirin sonunda Çingiz Abdullayevin ssenarisi əsasında çəkilmiş "Tərsinə çevrilən dünya" adlı film nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə