Avropa Şurasının Nazirlər Komitəsində Etno-jazz konserti və milli mətbəximizin təqdimatı keçiriləcək

Avropa Şurasının Nazirlər Komitəsində Etno-jazz konserti və milli mətbəximizin təqdimatı keçiriləcək

2014-cü ilin may-noyabr aylarında Azərbaycan Respublikası öz müstəqilliyi tarixində ilk dəfə olaraq Avropanın ən mötəbər qurumlarından biri olan Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edəcək. SİA-nın məlumatına görə, sədrlik çərçivəsində Azərbaycan mədəniyyətini təbliğ etmək məqsədilə Avropa Şurasının Baş Qərargahı yerləşən Strasburq şəhərində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyi də tədbirə təşkilati məsələlərdə dəstək verməkdədir. 14 may tarixində SrazburqdA Etno-jazz konserti və Azərbaycan mətbəx nümunələrinin təqdimatı təşkil olunacaq. Azərbaycanın milli musiqi formalarından və alətlərindən istifadə edərək caz üslubu məcrasında ifadan yaranan "Etno-caz" janrında konsert caz ifaçısı İsfar Sarabski və onu müşayiət edən musiqiçilərin təqdimatında keçiriləcək. Mətbəx təqdimatı çərçivəsində isə xalqımızın mətbəx mədəniyyətinin ən ləziz nümunələri Avropa ictimaiyyətinə təqdim olunacaq. Bu məqsədlə Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanovun rəhbərliyi ilə bir qrup aşpaz Strasburqda səfərdədir. Kütləvi informasiya vasitələrinə tədbirlər haqqında daha geniş məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə