Daşkənddə Heydər Əliyevin anadan olmasının 91 illiyi qeyd olunub FOTOLAR

Daşkənddə Heydər Əliyevin anadan olmasının 91 illiyi qeyd olunub FOTOLAR

Azərbaycanın Özbəkistandakı səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə mərasim keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyin əməkdaşları, diaspora üzvləri, jurnalistlər iştirak ediblər. Mərasimin iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil və çiçək dəstələri qoyublar. Sonra Mədəniyyət Mərkəzinin foyesində Ümummilli Liderin həyat və fəaliyyəti ilə bağlı kitab sərgisinə və muzeyinə baxış keçirilib. Bu il Daşkəndə keçirilən "Xalqların adət-ənənələri və milli yeməkləri" mövzusunda xeyriyyə festivalında Azərbaycanın Özbəkistandakı Səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizi təmsil ediblər. Özbəkistanda fəaliyyət göstərən 50-dən çox səfirlik və diplomatik nümayəndəliklərin iştirak etdiyi tədbiri Özbəkistanın Xarici İşlər Nazirliyinin Diplomatik Servis Xidməti təşkil edib. Özbəkistanda fəaliyyət göstərən səfirliklər və beynəlxalq təşkilatlar festivalda öz xalqlarının adət-ənənələrini nümayiş etdirib, qonaqlara öz milli yeməklərini və şirniyyatlarını təklif ediblər. Azərbaycan Səfirliyi builki festivalda iştirakı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunub. Azərbaycan üçün ayrılmış guşədə ölkəmizin gerbi, bayrağı asılmış, xalqımızın milli musiqi alətləri və həmçinin milli məişət əşyaları nümayiş etdirilib. Guşədə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif kitab və albomlar, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti ilə əlaqədar nəşrlər nümayiş etdirilib. Qonaqlara milli xörəklərimiz-dolma, plov, dovğa, kükü, müxtəlif kabablar, həmçinin şirniyyatlarımızdan şəkərbura, paxlava və şərbətlərimiz təklif olunub.

Qeyd edək ki, festival dünya xalqlarının mahnı və rəqslərindən ibarət konsert proqramı ilə başa çatıb. Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər. Sonda festivalın münsiflər heyəti iştirakçıları mükafatlandırmış, Azərbaycanın Özbəkistandakı Səfirliyi birinci mükafata layiq görülmüş və Fəxri Fərmanla təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə