Abşeron rayonunda Gül bayramı qeyd edilib FOTOLAR

Abşeron rayonunda Gül bayramı qeyd edilib FOTOLAR

Abşeron rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə möhtəşəm Gül bayramı keçirilib. SİA-nın məlumatına görə, Xırdalan şəhərinin mərkəzi meydanında keçirilən tədbirdə rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Gül sərgisində rayon məktəblilərinin, uşaq yaradıcılıq mərkəzlərinin şagirdləri, eləcə də uçaq bağçalarının körpə fidanları tərəfindən hazırlanmış müxtəlif mövzulu əl işləri nümayiş olunub.

Gül bayramı ümummilli liderimiz Heydər Əliyevin 91 illiyinə həsr olunduğu üçün nümayiş etdirilən hər bir buketdə, gül çələngində, əl işlərinin mövzu və kompozisiyasında, mahnı və rəqslərdə, körpə fidanların şeirlərində Ulu Öndərə sonsuz məhəbbət, onun ruhuna ehtiram və səmimiyyət hissləri qabarıq nəzərə çarpırdı. Hər bir çalarda, hər bir rəng koloritində, hər ilmədə, hər naxışda bir istək, bir arzu, bir məna formalaşmış, ən böyük azərbaycanlıya sonsuz qayğı və ehtiram ifadə olunub.

Bayram tədbirində təqdim olunan kompozisiyalar və kolleksiyalar gözlər önündə gül-çiçəklərdən ibarət əsrarəngiz bir aləm canlandırıb. Müxtəlif növ çiçək və bitkilərdən hazırlanan və ifadəliyi ilə seçilən rəngarəng kompozisiyaların görünüşü tədbir iştirakçılarında xoş ovqat yaradıb.

Bayram çərçivəsində kitab sərgisi də keçirilib.

Qeyd edək ki, sonra meydanın mərkəzində qurulan səhnədə ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunan geniş və rəngarəng konsert proqramı təqdim olunub. Respublikanın tanınmış incəsənət ustalarının ifasında Vətənə və Ulu Öndərə həsr olunan, könül oxşayan, xoş ovqat bəxş edən mahnılar səslənib.

Bütün xəbərlər Facebook səhifəmizdə