Cəlilabadda “Gül bayramı” keçirilib

Cəlilabadda “Gül bayramı” keçirilib

Cəlilabad rayonundakı "Tut bağı" istirahət mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş Gül bayramı keçirilib. SİA-nın məlumatına görə, mərasim iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Tədbir iştirakçıları Alar kəndində yerləşən Heydər Əliyev adına 1 nömrəli Alar kənd orta məktəbinə gəlmiş, dahi rəhbərin büstünü ziyarət ediblər.

Gül bayramında rayonunun ümumtəhsil məktəbləri şagirdlərinin müxtəlif çiçək və otlardan, bitkilərdən, yarpaqlardan hazırladıqları rəngarəng tablolar öz görünüşü və ifadəliliyi ilə seçilmiş, uşaq təxəyyülünün hədsiz imkanlarını nümayiş etdirmiş və hamıda xoş ovqat yaradıb.

Rayonun idarə və təşkilatlarının, ümumtəhsil məktəbləri kollektivlərinin, uşaq tərbiyə müəssisələri nümayəndələrinin hazırladıqları əl işlərindən ibarət və rəsm sərgisi də maraqla qarşılanıb.

Mərasimdə çıxış edənlər bildiriblər ki, bütün şərəfli ömrünü Azərbaycan xalqının xoşbəxtliyi və firavanlığına, canından əziz bildiyi Vətəninin çiçəklənməsinə həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımız tərəfindən həmişə uca tutulur. Bu bayram Heydər Əliyev şəxsiyyətinə və dühasına xalq məhəbbətinin və minnətdarlığının böyük təntənəsidir.

Bayramsayağı bəzədilmiş istirahət mərkəzində güllərdən düzəldilmiş kompozisiyalar bu gözəl mənzərəyə tamaşa edənləri heyrətləndirib.

Qeyd edək ki, tədbirdə iştirak edən yaradıcı şəxslərin, məktəblilərin dahi rəhbərimizə həsr etdikləri sənət əsərləri də Ulu Öndərə tükənməz ümumxalq sevgisinin bariz nümunəsinə çevrilib. Mərasim bayram konserti ilə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə