Qaxda Ulu Öndərin doğum günü münasibətilə Gül bayramı keçirilib FOTOLAR

Qaxda Ulu Öndərin doğum günü münasibətilə Gül bayramı keçirilib FOTOLAR

Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Qax şəhərində, Ulu Öndərin adını daşıyan parkda Gül bayramı təşkil edilib. SİA-nın məlumatına görə, rayon rəhbərliyi və bayram tədbirinin iştirakçıları əvvəlcə Ümummilli Liderin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsinə ehtiramlarını bildiriblər.
Bayram libasına bürünmüş parkda rayonun müəssisə və təşkilatlarının, ümumtəhsil məktəbləri və uşaq bağçaları kollektivlərinin rəngbərəng gül və çiçəklərdən, bitki və yarpaqlardan hazırladıqları müxtəlif kompozisiyalar, pannolar, şəkil və plakatlar bayram iştirakçılarının böyük marağına səbəb olub.
Kompozisiyalarda Ulu Öndərə sevgi və məhəbbət aydın şəkildə özünü büruzə verirdi. Ümummilli Liderin portretlərini bəzəyən rəngarəng güllərdən toxunmuş xalça-tablolar bayram iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.
Tamaşaçılar güllərdən hazırlanmış milli musiqi alətlərimizə - tar, kamança, saz, qaval və nağaraya, milli ornament sənətimizin geniş yayılmış bəzək elementlərindən olan buta naxışlarına, rəsm əsərlərinə böyük maraqla baxıblar.
Rəngarəng güllərlə bəzənmiş uşaqların Ulu Öndərə həsr etdikləri ədəbi-bədii kompozisiya, ifa etdikləri şeir və mahnılar bayram iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, Gül bayramında iştirak edən rayon sakinləri və qonaqlar xalqımızın böyük oğlu Heydər Əliyevə sonsuz məhəbbət və ehtiramlarını bir daha nümayiş etdirib, Ulu Öndərin əziz xatirəsinin daim qəlblərdə yaşayacağını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə