Yazıçı-tərcüməçi Kamran Nəzirli "Müasir Azərbaycan poeziyası" almanaxını ingilis dilində nəşrə hazırlayıb. SİA-nın məlumatına görə, almanaxda Azərbaycanın tanınmış və istedadlı şairlərinin şeirləri və onlar haqqında məlumatlar daxil edilib.
Kitabın redaktoru tanınmış Kanada şairi Patrik Vudkokdur. Kitabın hazırlanmasının məqsədi müasir Azərbaycanın istedadlı şairlərini dünyaya tanıtmaq, müxtəlif nəsillərdən olan ədiblərin şeirlərini xarici ölkə oxucularına çatdırmaqdır.
Kamran Nəzirlinin yazdığı "Ön söz"lə oxuculara təqdim olunacaq kitab üzərində hazırda redaktə işi tamamlanmaq üzrədir. Kitabda 23 şairin, o cümlədən Azərbaycan xalq şairləri Bəxtiyar Vahabzadə, Məmməd Araz, Fikrət Qoca, Cabir Novruz və digərlərinin şeirləri yer alıb.
Almanaxa ümumilikdə 50 şeir daxil edilib.
Qeyd edək ki, ingilis dilində nəşr olunacaq kitabın xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinə, kitabxanalara, beynəlxalq təşkilatlara və şirkətlərə paylanılması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB