Yaradıcılıq görüşləri Quba və Siyəzəndə davam edib FOTOLAR

Yaradıcılıq görüşləri Quba və Siyəzəndə davam edib FOTOLAR

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə mədəniyyət və incəsənət xadimlərinin bölgələrdə görüşləri keçirilir. SİA-nın məlumatına görə, gənc nəslin sənət adamları və yaradıcı şəxslərlə tanış olması, bölgələrlə mədəni əlaqələrin daha da möhkəmləndirilməsi, mədəniyyətin müxtəlif sahələrinə marağın artırılması məqsədi daşıyan növbəti görüşlər Quba və Siyəzən rayonlarında olub.

Qubadakı "Yaşıl Teatr"da və Siyəzəndəki Bayraq Meydanında təşkil olunan konsert proqramlarında respublikanın xalq artistləri Canəli Əkbərov, Zabit Nəbizadə, Cəmilə Bayramova, əməkdar artistlər Gülüstan Əliyeva, Nuriyyə Hüseynova və digər sənət adamları çıxış ediblər.

Açıq havada keçirilən konsert proqramlarını yüzlərlə rayon sakini izləyib və incəsənət ustalarının çıxışları ictimaiyyətin coşqusu ilə qarşılanıb və alqışlarla müşayiət olunub.

Bu görüşləri təşkil etməkdə bir məqsəd də gənc ifaçıların məşhur sənətkarlarla bir səhnəni bölüşməsi, onların təcrübələrindən yararlanması, eyni zamanda yerlərdə insanların asudə vaxtlarının səmərəli təşkilidir.

Qeyd edək ki, bundan əvvəl belə konsert proqramları Şamaxı və Qobustan rayonlarında gerçəkləşib. Rayonların icra hakimiyyətləri konsert proqramlarının təşkilinə yaxından dəstək verir.

Bütün xəbərlər Facebook səhifəmizdə